Prezident İlham Əliyev Roma Papasını təbrik edib
Prezident İlham Əliyev Roma Papası Fransiski təbrik edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, təbrikdə deyilir:
"Zati-müqəddəsləri,
Tacqoyma Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.
Bu gün Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlərin yüksək səviyyəsi məmnunluq doğurur. Tolerantlıq və multikultural dəyərləri həyat tərzi kimi qəbul edən Azərbaycan mədəniyyətlər və dinlər arasında dialoqun təşviqinə yönəlmiş bu əlaqələrin daha da genişlənməsinə xüsusi əhəmiyyət verir.
Keçən il Vatikanda Sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini ən gözəl təəssüratlarla xatırlayır, Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə verdiyiniz yüksək qiymətə görə təşəkkürümü bildirirəm.
Dünyanı bürümüş COVID-19 virusu ilə mübarizə apardığımız bu mürəkkəb dövrdə bəşəriyyət tərəfindən qarşılıqlı anlaşma, dəstək, həmrəylik və humanizm kimi ülvi dəyərlərin səfərbər edilməsi vacibdir. İnanıram ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında mövcud olan nümunəvi əməkdaşlıq münasibətləri bundan sonra da sivilizasiyalar arasında qarşılıqlı etimad mühitinin yaradılmasına, dini və mədəni irsin qorunmasına, ümumbəşəri dəyərlərin təntənəsinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, ali mənəvi missiyanızda müvəffəqiyyətlər arzulayıram".
1news.az