Şoyqu Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindən danışdı
“Dağlıq Qarabağ - bu çox sadə olmayan əməliyyatdır”.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qazaxıstanın “Tengirnews” agentliyinə müsahibəsində bildirib.
Rusiya ilə Türkiyə arasında münasibətlərdən danışan Şoyqu iki ölkə arasında çox da asan olmayan, çox çətin, lakin nəticəli iş getdiyini söyləyib: “Birgə iş ona görə çətindir ki, ona maneə olurlar. Maneə olurlar, ona görə ki, Türkiyə NATO üzvüdür. Lakin biz həll variantı tapırıq. Misal üçün, İdlibdəki deeskalasiya zonası. Ümumiyyətlə, Suriyada vaxtında deeskalasiya zonasının yaradılması fikrimizcə, bu cür münaqişələr üçün yeni səhifə və yeni həll mexanizmidir. Sonuncu iş sözsüz ki, Dağlıq Qarabağdır. Bu, çox çətin əməliyyatdır. Bu əməliyyatı başqa cür deyil, məhz bu cür adlandırmaq istərdim. Ona görə ki, bu əməliyyata çoxlu sayda arqumentlər, elementlər, motivlər daxil idi. Razılaşın ki, iki qardaş xalq, bizim iki yaxın qonşumuz öz arasında düşmənçilik edəndə, hansı ki, yaşamışıq, bir daha təkrar edirəm, bundan sonra da sülh, razılıq və dostluq şəraitində yaşayacağıq... Digər tərəfdən Türkiyənin buna qoşulması... Ona görə də türkiyəli həmkarlarla da danışmaq və məşğul olmaq lazım idi. Prezidentimiz, inanın mənə, bütün bunların baş verməsi üçün nəhəng səylər göstərib. Üstəlik, hər kəsi razı salmaq lazım gəlib. Yəni, olmayıb kimsə desin ki, “Mən razıyam, lakin digərlərin razı salın". Yox, sözsüz ki, hər kəsi əmin etmək lazım olub. Biz də öz səviyyəmizdə həmkarlarımızla danışmışıq. Lakin bu gün görülən iş birincisi, insanların bir-birini öldürməsinin dayandırmasıdır.
İkincisi isə, ümid edirəm ki, onların artıq ikitərəfli təmaslara keçməsinin, bir-biri ilə danışmasının vaxtı çatıb. Ermənistanla Azərbaycanı nəzərdə tuturam. Əlbəttə ki, burada bir çox şey Rusiya ilə Türkiyə arasında qurulmuş münasibətlərdən asılıdır. Eləcə də yeni oyunçular, köhnə qonşular meydana çıxır, lakin onlar öz təklifləri ilə meydana çıxırlar. Mən İranı nəzərdə tuturam. Bu, inkişaf etmiş infrastrukturlar, dəmir yolları, hidroenergetika və nəqliyyat əlaqələridir. Çox məsələ var”.
1news.az