Tələbələrin NƏZƏRİNƏ: “Virtual məktəb”də təcrübə keçə biləsiniz
Cari ilin mart ayından etibarən ölkədə pedaqoji ixtisaslarda təhsil alan tələbələr üçün “Virtual məktəb”də onlayn təcrübə keçmək imkanı yaradılıb.
1news.az xəbər verir ki, təcrübə proqramına Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Bakı Musiqi Akademiyası və Azərbaycan Dillər Universitetindən ümumilikdə 225 tələbə qoşulub. 28 ümumi təhsil müəssisəsi üzrə keçirilən onlayn təcrübə proqramı mart-may aylarını əhatə edir.
Onlayn təcrübə proqramının məqsədi pandemiya dövrü ilə əlaqədar əyani olaraq təcrübə keçə bilməyən tələbələr üçün şəraitin yaradılması olub. Təcrübə proqramında tələbələr təhsil aldıqları ixtisas üzrə qazandıqları nəzəri bilik, bacarıq və vərdişləri tətbiq etməklə yanaşı, müasir təlim texnologiyaları ilə iş bacarıqlarını da sınaqdan keçirirlər. Nəticədə gələcəyin müəllimləri müasir təhsil prosesində istifadə olunan interaktiv alətlər, yeni tədris metodları və yanaşmaları ilə yaxından tanış olmaq imkanı əldə edirlər.
Qeyd edək ki, tədris prosesində təhlükəsizliyin təmin edilməsi baxımından kənar şəxslərin dərslərə daxil olması mümkün deyil. Bunu nəzərə alaraq, təcrübə proqramında iştirak edən tələbələr siyahıya alınıb və yalnız təcrübə proqramı müddətində aktiv olacaq hesablarla dərslərə qoşulurlar.