Muğanlı-İsmayıllı-Qəbələ yolunun ilk 14 kilometrlik hissəsinin tikintisinə başlanılıb - FOTO
Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik, paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması layihəsi çərçivəsində ilk 14 kilometrlik hissədə tikinti işlərinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a bildirilib ki, yolun uzunömürlü və davamlı olması üçün burada sürüşməyə qarşı svay istinad divarlarının, drenaj sistemlərinin tikintisi və digər mühəndis işlərinin icrası nəzərdə tutulub. Qurğular qüvvədə olan normativ yüklərə görə, 9 bal seysmikliyi nəzərə alınmaqla hesablanıb.
Layihə üzrə Muğanlı-İsmayıllı-Qəbələ yolu yenidənqurma nəticəsində 9,7 kilometr qısalaraq 76,8 kilometr təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq. Layihələndirilən yolun 4.5-ci kilometrində Ağsuçayla və çay vadisi ilə kəsişmədə 1135 metr uzunluqda və 76,5 metr hündürlüyündə böyük asma körpü inşa edilir. Hazırda körpünün dayaqlarında qazma və svay bərkitmə işləri, svayların bütövlük və statik testləri, həmçinin dayaqların bəzilərində bünövrələrin tikintisi işləri aparılır.
Yolun Ağsuçayı üzərindəki körpüdən sonra qarşıya çıxan hündür dağdan uzunluğu 865 metr olan tunellə keçməsi nəzərdə tutulur ki, artıq bu hissədə də tikinti işlərinə başlanılıb. Hazırda yeni tunelin giriş və çıxış portalında qazma işləri, həmçinin svay bərkitmə işləri icra olunur. Ümumilikdə, 1 tunel, biri asma körpü olmaqla 8 böyük və 5 kiçik körpü layihələndirilib. Bunlardan Girdmançay, Talıstançay, Ax-ox çayı, Göyçay çayı və Vəndamçay üzərində yerləşən 5 mövcud körpü 4 zolağa uyğun yenidən qurularaq genişləndirilir. Üç körpü – Ağsuçay, Gülyançay və Dəmiraparançay isə yolun dəyişdirilmiş yeni istiqaməti üzrə yenidən 4 zolağa uyğun tikilir. Bundan başqa, yolboyu kiçik dərələr üzərində yerləşən 5 körpü sökülüb yeni boru şəkilli kiçik körpülərlə əvəzlənir.
Bununla yanaşı, bütün yolboyu mövcud olan müxtəlif ölçülü yolaltı suötürücü boruların texniki vəziyyətləri pis olduğundan yenilənməsi nəzərdə tutulur. Layihə üzrə Basqal kəndi yaxınlığında yolu düzləndirmək hesabına məsafə 2,2 kilometr qısalır. Digər hissələrdə isə layihələndirilən yol Qəbələ şəhərinədək mövcud ox üzrə davam edəcək. Yalnız yol Qəbələ şəhərinə daxil olmadan soldan yeni hissə ilə Dəmiraparançay vadisindən keçərək şəhərin çıxışında mövcud yola birləşəcək və bunun hesabına yol bu hissədə daha 5 kilometr qısalacaq.
Layihənin əsas məqsədlərinə aşağıdakılar daxildir:
- hərəkət şiddəti və yolun yükgötürmə qabiliyyətinin yaxşılaşdırılması;
- yol-nəqliyyat hadisələrinin, səyahət müddətinin və nəqliyyat xərclərinin azaldılması;
- iqtisadi artımın sürətləndirilməsi və qonşu ölkələrlə ticari münasibətlərin inkişafına təkan verilməsi;
- sürücülər və yerli əhali üçün yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi;
- avtomobil yolunun keçdiyi ərazilərdə, regionun potensial imkanlarının genişləndirilməsi;
- regionda turizmin inkişafı.
Xatıraldaq ki, respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin tapşırığına əsasən layihələndirilib.