Pərvin Məmmədova Qarabağ Dirçəliş Fonduna mətbuat katibi təyin olunub - DOSYE | 1news.az | Xəbərlər
Cəmiyyət

Pərvin Məmmədova Qarabağ Dirçəliş Fonduna mətbuat katibi təyin olunub - DOSYE

Qafar Ağayev11:45 - 19 / 05 / 2021
Pərvin Məmmədova Qarabağ Dirçəliş Fonduna mətbuat katibi təyin olunub - DOSYE

Pərvin Məmmədova Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondunun İctimaiyyətlə əlaqələr və Kommunikasiya üzrə koordinatoru vəzifəsinə təyin olunub.

1news.az xəbər verir ki,Pərvin Məmmədova bununla bağlı öz “Facebook” profilində paylaşım edib.

Həmin paylaşımı təqdim edirik:

“Dostlar, bu gündən Qarabağ Dirçəliş Fondu-da PR və Kommunikasiya üzrə koordinator, alışdığımız dillə desək mətbuat katibi vəzifəsini icra edəcəyəm.

Qarabağ mövzusu hər bir azərbaycanlı kimi mənim üçün də çox həssasdır və bundan sonrakı mərhələdə kiçik də olsa xidmətim olacağı üçün çox qürurluyam!

Əminəm ki, 44 günlük Vətən müharibəsində yumruq kimi birləşən xalq olaraq, bundan sonra Qarabağın dirçəlməsi uğrunda daha da sıx birləşəcəyik. Biz birlikdə güclüyük!” – deyə, P.Məmmədova qeyd edib.

Pərvin Məmmədova haqqında məlumatı təqdim edirik:

"Məmmədova Pərvin Mətləb qızı 19 iyun 1989-cu ildə Masallı rayonunda anadan olub. 2008-2012-ci illərdə Bakı Slavyan Universitetinin “Tərcümə” fakultəsində təhsil alıb. Hazırda Türkiyənin İstanbul Universitetində “Biznesin idarə edilməsi” ixtisası üzrə MBA təhsili alır.

2011-ci ildə peşə fəaliyyətinə Azad Azərbaycan Teleradio Yayım Şirkətində müxbir kimi başlayan Pərvin Məmmədova, daha sonra MTV Azərbaycan televiziyasında aparıcı kimi çalışıb. O, 2014-2016-cı illərdə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsində baş mütəxəssis, 2016-2018-ci illərdə Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsində aparıcı məsləhətçi vəzifələrində çalışıb. Pərvin Məmmədova fəaliyyətini Bakı Beynəlxalq Avtovağzal Kompleksində mətbuat xidmətinin rəhbəri kimi davam etdirib. O, son olaraq Odlar Yurdu Universitetinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb".

Xatırladaq ki, fond Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası, yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsi, sərmayələrin cəlb edilməsi, eyni zamanda bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafının təmin edilməsi, ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərinin həyata keçirilməsi məqsədilə yaradılıb.

Paylaş:
2403

Son xəbərlər

Bütün xəbərlər