Arzular həyata keçir. “Bella Pizza” və Keysuke Honda uşaq evinin kiçik sakinlərinə bayram hədiyyə ediblər
“Arzular insanı gücləndirir və hərəkət etməyə məcbur edir”.
Bir neçə gün əvvəl dünya futbolunun ulduzu, “Neftçi”nin yarımmüdafiəçisi Keysuke Hondanın “Bella Pizza” restoranında söylədiyi ilhamlandırıcı nitqin şahidi oldum.
Binə qəsəbəsində yerləşən “Ümid” uşaq evindən olan 20 uşaq onun qarşısında oturaraq, yaponiyalının ilhamlandırıcı nitqini dinləyirdi. O, arzulara malik olmağın nə dərəcədə əhəmiyyətli olmasından danışırdı.
“Neftçi” futbol klubunun sponsorlarından biri olan “Bella Pizza” restoranının 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü öncəsi təşkil etdiyi tədbir yəqin ki, tədbirdə iştirak edən və daha yaxşı həyat arzusunda olan balacaların yaddaşında qalacaq.
Həmin gün uşaqların bəxti həqiqətən gətirmişdi. Onlar dadlı pizzanın dadına baxmış, restorandan hədiyyə qismində toplar almış, istilik və rahatlıq atmosferini hiss etmişdi. Bütün uşaqlar səbirsizliklə “Neftçi”nin ulduzunun gəlişini gözləyirdilər. O isə “Bella Pizza”nın təklifini böyük şövqlə qəbul edərək, uşaqlar üçün öz hədiyyələrini hazırlamışdı.
Keysuke Honda uşaq evinə 10 kompüter hədiyyə etdi. O həmçinin 1 il ərzində uşaqlara kompüterlə işləmək bacarığını tədris edəcək müəllim də tutub. Qarşıdakı 1 il ərzində uşaq futbol məşqçisi də uşaqlarla işləyəcək. Kompüterlərin alınması, müəllim və məşqçi xidmətlərinin xərcini K.Honda özü ödəyib.
“1news.az” saytı ilə söhbətində Heysuke Honda bildirib ki, uşaqlar üçün onlara gələcəkdə kömək edə biləcək nəsə etmək istəyib. “Onlar kompüterlə işləməyi öyrənəcəklər, bu isə çox vacibdir. Bəlkə də bu 1 il ərzində onların həyatını dəyişə biləcəyik. Kompüter həyatımızın ayrılmaz hissəsinə çevrilib. İndiki uşaqlar kompüteri bizə nisbətən daha tez mənimsəyirlər. Bəlkə də indi kompüterlər kiməsə maraqlı görsənməyəcək, amma əldə edilmiş bilik gələcəkdə onlara dəqiq lazım olacaq. Bu səbəbdən onlara belə bir hədiyyə etmək qərarına gəldim. Bundan başqa, 1 il ərzində bu işin mütəxəssisi onlara dərs deyəcək. Bir il bir o qədər də böyük müddət deyil, amma mən uşaqlar üçün bunu edə bildim. Ola bilər ki, bir ildən sonra onlardan kimsə bu işə elə vurulacaq ki, həyatını proqramlaşdırmaya və ya kompüterlə bağlı hər hansı digər sahəyə həsr edəcək”, - deyə o bildirib.
Honda elə bil əlinin içini iyləmişdi. Bütün vaxtı təvazökarlıqla küncdə oturan uşaqlardan biri kifayət qədər yaxşı ingiliscəsiylə bildirdi ki, proqramçı olmaq arzusundadır. Yaponiyalının hədiyyəsi və bir il ərzində mütəxəssisdən dərs almaq imkanı həqiqətən onun ürəyincə olmuşdu. Bəlkə də, “Bella Pizza”nın təşkil etdiyi tədbir və Keysuke Honda ilə görüş bu uşağı arzusuna bir addım yaxınlaşdırmış oldu.
Yaponiyalı səmimi şəkildə etiraf etdi ki, onun məqsədlərindən biri də məhz budur. “Həmişə istəmişəm ki, istədikləri işlə məşğul ola bilməyən uşaqlara kömək edim. Şadam ki, onlarla görüşüb şəxsən ünsiyyət qura bildim”.
Yeri gəlmişkən, uşaqlar da görüşə əliboş gəlməmişdilər. Onlar yaponiyalı üçün rəqs hazırlamış və ona, uşaq evinin sakinlərinin toxumuş olduqları kiçik xalça hədiyyə etmişdilər.
Gördüklərindən sonra “Bella Pizza”nın nümayəndəsi Eyvaz Hüseynov etiraf etdi ki, tədbirin bu qədər faydalı olmasına çox şad oldular. “Uşaqların Beynəlxalq Müdafiəsi günü öncəsi qərara gəldik ki, uşaq evindən olan balacalar üçün dünya şöhrətli futbolçunun iştirakı ilə görüş təşkil edək. Uşaqlar Keysuke Honda ilə görüşdülər, həm bizdən, həm də ondan hədiyyələr aldılər, xüsusi olaraq, “Neftçi” klubu üçün hazırlamış olduğumuz “Çempion” pizzasından yedilər. Biz “Neftçi” ilə əməkdaşlıq edirik və istədik ki, dəstəyə ehtiyacı olan uşaqlar üçün sosial layihə həyata keçirək. Həm klub rəhbərliyi, həm də futbolçunun özü bu təklifimizə isti yanaşdı və buna görə onlara minnətdarlığımızı bildiririk”.
Yeri gəlmişkən qeyd edək ki, bu, restoran tərəfindən uşaq evlərindən olan balacaların dəstəklənməsinə yönəlmiş ilk layihə deyil. Həftə sonları “Bella Pizza” restoranında tez-tez pizza hazırlanması üzrə ustad dərsləri təşkil edilirdi ki, bu dərslərə uşaq evlərinin balaca sakinləri dəvət olunurdu.
Eyvaz Hüseynov qeyd edib ki, bu tədbir hər şeydən əlavə həm də uşaqlara gələcəkdə kim olmaq istəmələri ilə bağlı qərar verməkdə kömək ola bilər. Bəlkə kimsə futbolu sevəcək və bu istiqamətdə gedəcək. “İtaliyanın “Milan” və Yaponiya millisinin şərəfini qorumuş belə bir maraqlı futbolçu Azərbaycana gəlib. İstədik ki, uşaqlar da onunla tanış ola, şəkil çəkdirə və söhbət edə, həmçinin onu dinləyə bilsinlər. Ola bilsin ki, onlardan kimsə bu cür məşhur futbolçu olacaq”, - o bildirib.
Tədbir zamanı Keysuke Honda uşaqlardan soruşdu ki, aralarında elə biriləri varmı ki, arzusu olmasın? Uşaqların arasında belə birinin olmaması futbolçunu heyran etdi. O bildirdi ki, Yaponiyada onunla görüşlərdə iştirak etmiş uşaqların yarısından çoxu arzularının olmadığını bildirib.
Tədbirin sonunda Keysuke Honda gələn il mütləq yenidən uşaqlar evinə baş çəkəcəyinə söz verdi.










1news.az












