Deputat: “Beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin gücünü, nüfuzunu göstərir”
“Bu günlərdə ölkəmizdə dünyaca məşhur yarışlar keçiriləcək. Onlardan biri Formula-1 yarışlarıdır ki, onun da 500 milyondan çox izləyicisi var. Bundan başqa, 2020-ci ildə keçirilməsi nəzərdə tutulan, lakin pandemiya səbəbindən təxirə salınan futbol üzrə Avropa çempionatının 4 oyunu Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. O bildirib ki, bütün bunlar müsbət hallardır:
“Bildiyimiz kimi, bütün dünyada koronavirus pandemiyası davam edir. Azərbaycanın bu virusa qarşı apardığı effektli tədbirlərə görə Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi tərəfindən, BMT rəhbərliyi tərəfindən bir neçə dəfə Azərbaycan Prezidentinə minnətdarlıq məktubları göndərilib. Artıq son günlər ölkəmizdə koronavirus pandemiyası ilə bağlı müsbət dinamika davam edir, epidemioloji vəziyyət nəzarət altına alınıb. Azərbaycan vaksinasiya prosesinə də ilk başlayan ölkələrdən olub, hazırda da vaksinasiya sürətlə davam edir. Demək olar ki, ölkəmiz yavaş-yavaş post-pandemiya dövrünə qədəm qoyur".
Deputat qeyd edib ki, belə tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin gücünü, nüfuzunu göstərir:
“Koronavirus pandemiyası dünya ölkələrinin iqtisadiyyatına, xüsusən də turizm sektoruna çox böyük zərbə vurub. Bu pandemiyanın Azərbaycana da təsiri olub. Eyni zamanda ölkəmiz ötən il Vətən müharibəsində qələbə qazandı. Bütün bunlara baxmayaraq Azərbaycan tez bir zamanda toparlandı və belə mötəbər yarışlara, tədbirlərə ev sahibliyi etməyi öz öhdəsinə götürdü. Belə yarışların izləyicisinin çox olması ilk növbəti Azərbaycanın tanıdılmasına, dünya arenasında Azərbaycanın nə qədər inkişaf etmiş, nə qədər multikultural ölkə olduğunu bütün dünyaya bir daha nümayiş etdirmək üçün çox vacib tədbirlərdir. Digər tərəfdən idman yarışları sülh, dostluq yarışlarıdır. Belə yarışların Azərbaycanda keçirilməsi çox yaxşı haldır”.
C.Osmanov Azərbaycanın pandemiyadan əvvəl də bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsini xatırladıb:
“Buna misal olaraq 2012-ci ildə Avroviziya mahnı müsabiqəsini, 2015-ci ildə ilk dəfə olan Avropa oyunlarını, ondan sonra 2017-ci ildə İslam Həmrəyliyi oyunlarını, Formula-1 yarışlarını göstərmək olar. Bütün bunların hamısı Azərbaycanın dünyaya tanıdılması ilə bərabər, Azərbaycanın iqtisadiyyatına çox böyük töhfə verib. Çünki bu illər ərzində biz statistik rəqəmlərə baxanda da görürük ki, belə yarışlar keçirildikdən sonra ölkəmizə gələn turistlərin sayı artır”.