Ermənistanın mina terrorunun media qurbanları | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistanın mina terrorunun media qurbanları

22:34 - 05 / 06 / 2021
Ermənistanın mina terrorunun media qurbanları

Hər bir silahlı münaqişə və müaribələr özündən sonra dəhşətli izlər qoyur. Mərmilər, minalar, məhv edilmiş zirehli texnikalar, dağılmış evlər və s. kimi.

Artıq bütün dünya bilir ki, Azərbaycan Silahlı Qüvvələrinin torpaqların azad edilməsi üzrə 44 gün davam edən əks-hücum əməliyyatı Azərbaycanın qələbəsi ilə bitib. İlk günlərdən Ermənistan ordusunun çoxsayda zirehli texnikası sıradan çıxarılıb. Lakin, geriyə çəkilən Ermənistan SQ yolları minalayıb, şəhər və rayonları xarabalıqlara çevirib. Nəticədə işğaldan azad edilmiş torpaqların 80-85 faizi hələ də minalara görə təhlükəlidir. Müharibənin bitməsindən 7 ay keçməsinə baxmayaraq, ərazilərdəki mina təhlükəsi sonlanmır və can almaqda davam edir. Rəsmi məlumatlara əsasən, 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən Ermənistan və Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoyulduğunu elan edən üçtərəfli bəyanat imzalandığı vaxtdan bu ilin aprelinə qədər, işğaldan azad olunmuş ərazilərimizdə mina partlaması nəticəsində aralarında 14 nəfəri mülki şəxs olmaqla, 20 nəfər Azərbaycan vətəndaşı həlak olub. 85 vətəndaşımız ağır yaralanıb.

4 iyun 2021-ci ildə isə növbəti acı xəbəri aldıq. Bu dəfə mina qurbanları həmkarlarımız, media nümayəndələri idi. Onlar xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuşdular. Belə ki, “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AzərTac-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Onların əllərindəki silah deyil, mikrofon, çiyinlərindəki sursat yox, kamera idi. Məqsədləri isə bir idi - 30 ildir vəhşi düşmən, vandal erməni tapdağında qalaraq viran edilən dədə-baba torpaqlarımızın viran edilmiş halını çəkib dünyaya göstərmək. Aylardır bu media nümayəndələri azad edilmiş torpaqlarımızı qarış-qarış gəzərək işıqlandırır, sənədləşdirir və ermənilər tərəfindən dəymiş ziyanın müəyyənləşdirilməsi üçün öz vəzifə borclarını yerinə yetirirdilər. Onlar bu müqəddəs işi görərkən bütün Azərbaycanın gözü, qəlbi ola bilirdilər. Sirac Abışov hələ uşaq olarkən işğal nəticəsində Qubadlıdan məcburi köçkün düşmüş, illər sonra öz kəndlərini azad görə bilmişdi. "Mən çəkdiyim o kadrlarda 1 milyon məcburi köçkünün hissini yaşaya-yaşaya çəkirəm... 50 milyonluq Azərbaycan xalqının gözü ilə baxıram hamısına..."- deyirdi Sirac. Təəssüf ki, ona öz ata yurdunda yenidən yaşamaq qismət olmadı. Məhərrəm İbrahimov isə daxil olduğu hər kəndi ev-ev, küçə-küçə göstərir, tarixi haqqında məlumatlar verirdi bütün dünyaya.

Xatırladım ki, Birinci Qarabağ müharibəsi (1988-1992-ci illər) dövründə də 13 azərbaycanlı jurnalist xidməti vəzifəsini yerinə yetirərkən erməni terrorunun qurbanı olub, onlardan 9-u şəhid olub. Vətən müharibəsi dövründə də jurnalistlərimiz kifayət qədər riskli vəziyyətlərlə qarşılaşıblar. 44 günlük müharibə ərzində erməni terrorçuları dəfələrlə peşə fəaliyyətini həyata keçirən və fərqləndirici gödəkcələrində olan jurnalistlərə atəş açıblar, nəticədə media nümayəndələri arasında yaralananlar da olub. Çingiz Mustafayev, Salatın Əsgərova, Osman Mirzəyev və digər qəhrəman şəhid jurnalistlərin müqəddəs yolunu davam etdirən Sirac və Məhərrəm də uğrunda bütün təhlükəni gözə aldıqları Vətən torpağında minanın qurbanı oldular.

Kəlbəcərdə və digər azad edilən ərazilərimizdəki mina partlayışı faktı düşmənin öz əməllərindən əl çəkmədiyinin, terrorçuluq fəaliyyətini davam etdirməyə niyyətli olduğunun və düşünülmüş şəkildə azərbaycanlıları hədəf alan çirkin siyasətinin bariz nümunəsidir. Mina nəticəsində həyatını itirənlərin cinayət məsuliyyəti birbaşa olaraq Ermənistan tərəfinin üzərinə düşür. Nə vaxta qədər ki, beynəlxalq təşkilatlar və qurumlar bu vəhşiliyə susacaqsa, ermənilər öz əməllərindən əl çəkməyəcəklər. Bütün beynəlxalq təşkilatlar Ermənistan qarşısında tələb qaldıraraq minalanmış ərazilərin xəritəsinin Azərbaycan tərəfinə verilməsini təmin etməlidir. Öz növbəmdə şəhid olann jurnalistlərimiz üçün bütün beynəlxalq media qurumlarına müraciət edirəm. Əgər dünyada media nümayəndələri birliyi, həmrəyliyi varsa, bu terrora susmasınlar. Unutmayaq ki, Sirac və Məhərrəmin başına gələnlərdən heç bir jurnalist sığortalanmayıb. Heç bir media nümayəndəsi döyüş getməyən ərazilərdə vəzifə borcunu yerinə yetirərkən düşmən gülləsinə, minasına qurban getməli deyil. Onlar təhlükə olmadıqları kimi, təhlükədən də uzaq olmalıdırlar. Hadisələrə səs, işıq olan mərhum jurnalistlərin indi sizin səsinizə, birliyinizə ehtiyacı var. Bu terrora susmaq olmaz!

Uzun aylar bütün Azərbaycanın görən gözü, vuran qəlbi oldu onlar. Hazırladıqları sujetlərlə hər birimiz müqəddəs torpaqlarımıza səyahət etdik, sevindik, ağladıq... Ruhunuz şad, şəhidliyiniz mübarək olsun, əziz media nümayəndələri!

Aydın Tağıyev

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri

Paylaş:
628

Son xəbərlər

Bütün xəbərlər