Türkiyədə itkin düşən 10 qız və 3 nəfər tapıldı - Prezidentə xəbər verildi

Türkiyənin Kocaeli şəhərindən Boluya ekskursiyaya gedən 10 qız və onları müşayiət edən 3 nəfər geri qayıdarkən mikroavtobusun palçığa batması nəticəsində yolda köməksiz vəziyyətdə qalıb.
1news.az xəbər verir ki, hadisə Düzce vilayətinin Yığılca rayonunda, meşəlik ərazidə baş verib.
Mikroavtobusun palçığa batmasından sonra sərnişinlərlə əlaqə kəsilib. Əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub. Son GPS məlumatları əsasında aparılan axtarışlar nəticəsində nəqliyyat vasitəsi meşəlik ərazidə aşkarlanıb.
Məlum olub ki, mikroavtobus palçığa batdığı üçün hərəkət edə bilməyib və sərnişinlər saatlarla köməksiz vəziyyətdə qalıblar.
Xilasetmə qrupları hadisə yerinə çataraq mikroavtobusda olan 10 qız və onları müşayiət edən 3 nəfəri təhlükəsiz şəkildə təxliyə edib. Onların səhhətlərinin yaxşı olduğu bildirilib.
Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaşın uşaqların tapıldığı xəbərini aldığı an yaşadığı sevinc də kameralara düşüb. Sevinc göz yaşlarını saxlaya bilməyən nazir xoş xəbəri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da bölüşüb.











