Azərbaycan Ordusu – güvənc yerimiz və qürurumuz! – TƏHLİL | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Ordusu – güvənc yerimiz və qürurumuz! – TƏHLİL

17:20 - 29 / 06 / 2021
Azərbaycan Ordusu – güvənc yerimiz və qürurumuz! – TƏHLİL

Ordun varsa, yurdun var. Bu məsəl hər bir müstəqil ölkə üçün ordunun əhəmiyyətini, vacibliyini göstərir. Çünki hər bir dövlətin gücünü müəyyən edən əsas amillərdən biri onun hərbi potensialı və müdafiə qabiliyyətidir.

Silahlı Qüvvələrin gücü təkcə ölkənin hərbi qüdrəti demək deyil, bu, eyni zamanda, dövlətin beynəlxalq siyasət və təhlükəsizlik arenasında mövqeyinin qorunması baxımından əhəmiyyətli faktordur. Qürur hissi ilə qeyd edə bilərik ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan həm də güclü və rəşadətli orduya malikdir.

İyunun 26-da ölkəmizdə Silahlı Qüvvələr Günü qeyd edildi. Əvvəlki illərdən fərqli olaraq builki Ordu gününü xüsusi coşqu və qürur hissi ilə qeyd etdik. Çünki Ordumuz otuz ilə yaxın müddətdə düşmən əsarətində olan torpaqlarımızı işğaldan azad etməklə üzərinə düşən missiyanı uğurla yerinə yetirdi və ölkəmizin güclü, rəşdətli Ordusu olduğunu sübut etdi.

Digər tərəfdən, Vətən müharibəsi Azərbaycan Ordusunda sağlam mənəvi-psixoloji durumun, ruh yüksəkliyinin, özünəinam və güclü vətənpərvərlik hissinin hökm sürdüyünü təsdiqlədi. Eyni zamanda Azərbaycan xalqının öz qüdrətli dövlətinin ordusuna qətiyyətli və birmənalı dəstək verməsi şanlı tarixi qələbəmizin əldə olunmasında müstəsna rol oynadı.

Bu gün Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu hərbi əməliyyatlar apararaq quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir hərbi strukturu sayılır. Ordumuz, həmçinin dünyanın ən güclü 50 ordusu sırasında yer alır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə çıxışı zamanı builki Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd etdiyimizi bildirərək, bunun tarixi nailiyyət olduğunu söyləyib:

“Hər il bu bayramı qeyd edərkən biz özümüzə söz verirdik ki, nəyin bahasına olursa-olsun doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik. Bu gün qürur hissi ilə deyə bilərəm ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”.

Ölkəmizin hərbi gücünün daha da artacağını deyən dövlət başçısı artıq yeni silahların, hərbi texnikanın alınması prosesinə başlandığını diqqətə çatdırıb:

“Biz artıq Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin qanını aldıq və qisasımızı döyüş meydanında aldıq. Amma bununla bərabər, Ermənistan dərk etməlidir ki, Azərbaycan bundan sonra da güclənəcək və bu, şübhəsizdir. O cümlədən bizim hərbi gücümüz artacaq. Müharibədən sonra artıq müvafiq göstərişlər verildi, yeni kontraktlar imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlamışdır. Silahlı Qüvvələrimizin struktur islahatları təsdiqləndi. Deyə bilərəm ki, Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. Biz İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, əlbəttə ki, öz hərbi gücümüzü artıracağıq. Ermənistanın isə, əgər onlar yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsələr, nəinki hərbi gücünü, nəinki dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda, iqtisadi fəallığı bərpa etmək imkanları da çox məhduddur. Ona görə biz güclənəcəyik”.

Azərbaycan Ordusunun gücü, qüdrəti ictimaiyyət tərəfindən də böyük sevinc və fəxarət hissi ilə qarşılanır. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov 1news.az-a açıqlamasında bildirib ki, qüdrətli Ordumuzun İkinci Qarabağ müharibəsində şanlı tarix yazaraq düşmən üzərindəki şanlı qələbəsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı:

“Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə yanaşı, xalqımız bütünlüklə dövlətimizin başçısının ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli Ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı”.

E.Əhmədovun sözlərinə görə, Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirirdi:

“Vətən müharibəsinin 44 günü ərzində dövlətimiz, beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi. Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl şəhərini, 17-də Füzuli şəhərini, 22-də Zəngilan şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi”.

Hərbi ekspert Üzeyir Cəfərov bu gün dövlət tərəfindən Orduda xidmət edən hərbçilərimizə yüksək səviyyədə diqqət və qayğı göstərildiyini söyləyib. O, dediklərinə misal olaraq bu yaxınlarda dövlət başçısının sərəncamı ilə işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbçilərin əmək haqqının artırılmasını göstərib.

Hərbçilərimizə ayrılan diqqət bununla yekunlaşmayacağını deyən ekspertin sözlərinə görə, Azərbaycan Prezidentinin silahlı qüvvələrin maddi-texniki bazasını möhkəmləndirməsi ilə bağlı planları var, maaşların artması da bu planın tərkib hissələrindən biridir:

“Yaxın zamanlarda ordumuzun daha müasir silahlarla təmin edilməsini görəcəyik. O cümlədən hərbçilərimizə yeni xidməti və daimi mənzillərin təhvil verilməsinin, yeni hərbi şəhərciklərin tikilməsinin şahidi olacayıq. Bu təkcə Müdafiə Nazirliyi ilə yekunlaşmayacaq, işğaldan azad olunmuş ərazilərdə Dövlət Sərhəd Xidmətinin də qəhrəman əsgər və zabitləri xidmət keçirlər.

Təkcə son aylarda yeni istifadəyə verilmiş hərbi hissələrin sayı onlarladı. Bir neçə gün əvvəl də işğaldan azad olunmuş ərazilərdə modul tipli hərbi hissənin açılışı həyata keçirildi. Yəni, dövlət öz əsgərini və zabitini unutmur, yaxşı qidalanması, sağlam fəaliyyət göstəməsi üçün əlindən gələni edir və buna görə də hər birimiz yaxşı xidmət göstərməyə borcluyuq”.

Bəli, bu gün hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz qüdrətli, müzəffər Ordusu ilə fəxr edir. Əminliklə söyləmək olar ki, qüdrətli Azərbaycanın qalib ordusu bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək və yeni nailiyyətlərin, zəfərlərin altına imza atacaq.

1news.az

Paylaş:
370

Son xəbərlər

Bütün xəbərlər