“Heyvanlara qarşı zorakılıq edən şəxs SOCAR-ın əməkdaşı deyil” – İbrahim Əhmədov
“Son günlərdə sosial şəbəkə istifadəçiləri SOCAR-ın səhifələrinə müraciətlər göndərməkdədir. Guya SOCAR-da işləyən bir nəfərin heyvanlara qarşı zorakı hərəkətlərindən şikayət edir, onun işdən çıxarılmasını tələb edirlər”.
1news.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İbrahim Əhmədov öz "Facebook" hesabında yazıb.
O bildirib ki,aparılan araşdırmadan həmin adam SOCAR-ın strukturunda işləmədiyi məlum olub.
“Ümumilikdə, dövlətimizin siyasətində heyvanlara qarşı qayğı mühüm yer tutur, SOCAR da dövlətin siyasətini dəstəkləyir. Düşünürəm ki, sırf həzz almaq məqsədi ilə heyvanlara məqsədyönlü və sistematik işgəncə verən insanların psixoloji problemləri ola bilər. Onları məsuliyyətə cəlb etməklə yanaşı, bu problemlərin köklü həlli barədə də düşünmək lazımdır. İlk növbədə uşaqlıqda insanın gördüyü nəvaziş, tərbiyə, ona göstərilən (ya göstərilməyən) məhəbbətdən də çox şey asılıdır, düşünürəm” – deyə, İ.Əhmədov fikirlərinə əlavə edib.