“Narkomaniyaya qarşı mübarizə” – “Çıxışa doğru”da MÜZAKİRƏ

Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir.
Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır desək, yanılmarıq. Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları , millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır.
Silah, insan alveri, orqanların transferi kimi təhlükəli bəlalarla eyni səviyyədə qorxulu olan cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya (geniş mənada narkotizm) vurğulandığı kimi, sərhəd tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemə çevrilib.
Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir.
1News-un məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Narkomaniyaya qarşı mübarizə” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Milli Məclisin komitə sədri Musa Quliyev, AQUPDK-nın Regional Mərkəzlərlə iş şöbəsinin böyük məsləhətçisi Pərvanə Əsgərzadə, uzman psixiatr Azər Bağırov və polis kapitanı, əməliyyat müvəkkili Nadir Məmmədov mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: