“Zəfər” kolleksiyasını bizimlə yarat – FOTO
“Azərxalça” ASC qələbə mövzusunda hazırlanmış “Zəfər” kolleksiyası üçün ən yaxşı xalça müsabiqəsini elan edir.
1news.az xəbər verir ki, “Zəfər” kolleksiyasının bir parçası olmaq, qələbəyə həsr olunmuş əsərlərini bizimlə paylaşmaq və ən əsası “Azərxalça” ASC-də çalışmaq istəyən bütün gəncləri müsabiqəmizdə iştirak etməyə dəvət edirik!
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçılara qarşı başladığı əks-hücum əməliyyatı, 44 gün davam edən müharibə və əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. “Azərxalça” ASC isə ölkəmizin müharibədə əldə etdiyi möhtəşəm qələbəni özünün “Zəfər” kolleksiyası ilə qeyd edəcək. Kolleksiyanın hazırlanması isə gənclərə həvalə ediləcək.
Müsabiqənin şərti: Aşağıda qeyd olunmuş ünvana portfolio (15 foto) və “Zəfər” kolleksiyasına aid eskizlər (3 foto) göndərmək.
Mövzu: Üzərində “Zəfər” mövzusunda təsvir olan xalça və ya xalça məmulatı modelləşdirmək, hər hansı səhnənin təsviri, milli xalça detallarından qaynaqlanan abstraksiyalar və s.
Yaş həddi: 21-35
Son tarix: 10.08.2021
Müsabiqədə qeyd olunmuş yaş aralığına aid rəssamlar, dizaynerlər, xalçaçı rəssamlar və s. iştirak edə bilərlər. Seçilmiş 20 nəfər ən yaxşı müsabiqə iştirakçısının işlərini münsiflər heyəti müəyyən edəcək. Seçilmiş gənclər bir ay ərzində “Azərxalça” ASC emalatxanalarında həm yerli, həm də xarici mütəxəssislər tərəfindən təlimə cəlb olunacaqlar.
Mükafat: Təlimlərdə ən yaxşı nəticə göstərmiş üç gənc müsabiqənin sonunda mükafatlandırılacaq. İlk yerin sahibi “Azərxalça” ASC-də rəsmi işə başlayacaq. Digər iki gənc müəsissə ilə daimi əməkdaşlıq edəcək.
Fotoları göndərmək üçün ünvan: [email protected]
Təlim iştirakçılarının ən bəyənilən eskizləri “Zəfər” kolleksiyasının hazırlanmasında istifadə oluncaq.