Bu gündən Azərbaycanda Məhərrəm ayı başlayır

Bu gün Məhərrəm ayı başlayır.
1news.az xəbər verir ki, Məhərrəm ayının başlamasından 10 gün sonra, yəni avqustun 19-da Aşura günüdür.
Sentyabrın 8-dən başlayacaq Səfər ayı oktyabrın 7-də başa çatacaq.
Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salınır.
Məhərrəm ayı İslamaqədərki və İslamın gəlişindən sonra bir sıra əlamətdar hadisələrlə zəngindir. O cümlədən Adəm peyğəmbərin xəlq olunması, İbrahim peyğəmbərin doğulması, Adəmin tövbəsinin Allah tərəfindən qəbulu, Musa peyğəmbərin yəhudiləri Firondan xilas edərək Misirdən çıxarması və Qiyamət gününün bu ayda baş verəcəyi ilə bağlı xəbərlər var.
Məhərrəm ayı Hicri-qəməri ilinin ayları arasında müqəddəs aylardan biridir. Bu ay Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibələrin qadağan olunduğu aylardan biri olmasına baxmayaraq, Aşura günü İmam Hüseyn əleyhissəlam tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi Əhli-Beyt (ə) tarixinə kədərli, lakin, eyni zamanda, inanclı insanlara qürur bəxş edən bir məqam kimi daxil olub.
Qeyd edildiyi kimi, bu ayın əsas hadisəsi hicrətin 61-ci ili (Miladi təqvimlə 680-ci il) İraqın Kərbəla çölündə baş verən qanlı hadisələrlə bağlıdır. İslam Peyğəmbəri həzrət Məhəmmədin (s.ə.s.) nəvəsi, 1-ci İmam Əlinin (ə) və Həzrət Fatimənin oğlu İmam Hüseyn (ə) ailə üzvləri və 72 nəfər tərəfdarı ilə birlikdə Kərbəla çölündə Məhərrəm ayının 10-cu günü (ərəbcə "əşərə", "aşura") şəhid ediliblər.
Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn əleyhissəlamın həyat və mübarizəsinin yad edilməsi olduqca böyük mənəvi-əxlaqi əhəmiyyət kəsb edir. İmam Hüseyn əleyhissəlamın əzadarlığı iman sevgisinin, əqidəyə sadiqliyin, Vətən uğrunda şəhadətə hazırlıq ruhunun təcəssümüdür.
1news.az