“Arvadım gəzir, anam da narkomandır” - “Patı” haqqında tükürpədici faktlar - ARAŞDIRMA | 1news.az | Xəbərlər
Cəmiyyət

“Arvadım gəzir, anam da narkomandır” - “Patı” haqqında tükürpədici faktlar - ARAŞDIRMA

12:10 - 11 / 08 / 2021
“Arvadım gəzir, anam da narkomandır” - “Patı” haqqında tükürpədici faktlar - ARAŞDIRMA

Son dövrlər narkotik vasitələrdən olan metamfetamindən, yəni “patı”dan istifadə edənlərin sayı sürətlə artmaqdadır. Təəssüf ki, uşaqlar və qadınlar arasında da bu öldürücü maddəyə maraq göstərənlər az deyil. Bu isə cəmiyyətdə ciddi narahatlıq yaradır.

“Patı” nədir? İnsan orqanizminə necə təsir göstərir? Ondan istifadə edənlərin sayının belə sürətlə artmasının səbəbləri nələrdir? Bu və digər suallara cavab tapmaq üçün kiçik araşdırma aparmaq qərarına gəldik.

İlk öncə qeyd edim ki, “patı” halüsinator və stimullaşdırıcı xüsusiyyətlərə malik sintetik maddədir. Bu maddəni ilk dəfə 1983-cü ildə kimyaçı Naqai Naqayoşi efedrin maddəsindən sintez edib. Bu maddə heroin və kokaindən daha güclü asılılıq yaratdığından daha tez ölümə səbəb olur. Bu maddədən dünyada yalnız ABŞ-da istifadə edilir. O da bəzi xəstələrin müalicəsində.

Ümumiyyətlə, patı nədir və insan orqanizminə nə kimi təsiri var? Sualımızı cavablandıran həkim-narkoloq Asif Kəngərli bildirdi ki, kimyəvi tərkibli sintetik narkotik vasitə olan patı, bitki tərkibli narkotiklərdən daha çox insan orqanizminə ziyan verir. İnsan orqanizmində sinir və immun sistemlərini sıradan çıxarır. Bir sözlə, patının insan porqanizmində ziyan vermədiyi orqan, hüceyrə, toxuma qalmır. Daha tez, daha sürətlə və daha fəsadlı şəkildə orqanizmi sıradan çıxarır. “Patı” istifadə edən şəxslərin orqanizmində maddələr mübadiləsi pozulur, iştah pozulur, şiddətə meyl artır, çəki itkisi, beyin qanaması, infarkt, ürək çatışmazlığı, yuxu pozğunluqları, dəridə iltihablar, mədə krampları, bədənin titrəməsi, temperaturun artması, dişlərin çürüməsi, ağız quruluğu, ürəkbulanma, göz bəbəklərində böyümə, yaddaş itkisi, artan qan təzyiqi kimi hallar meydana gəlir. Sinir sisteminə elə pis təsir edir ki, xəstədə görmə hallusinasiyaları meydana gəlir. Belə olan halda da, insan qarşısındakına və özünə qəsd edə bilər.

Narkoloqun sözlərinə görə, bu yaxınlarda ona müraciət edən 32 yaşlı Elşən adlı şəxs (ad şərtidir) deyir ki, arvadım gəzir, anam da narkomandır:

“Bu əsl faciədir. Çünki belə insanları başa salmaq olmur ki, bu hallusinasiyadır. Bir sözlə patı bütün orqanizmə qısa zamanda elə kəskin təsir edir ki, onu bərpa etmək çox çətin olur. “Patı” istifadə etdiyi üçün duruşu dəyişilən insanın maksimum 3-4 il ömrü olur”.

Bəli, həkimin də dediyi kimi davamlı istifadə zamanı metamfetamin insanı depressiyaya salır və bu da intihara səbəb olur. Elə bu ilin aprel ayında Türkiyənin Manisa şəhərində 4 dost birlikdə intihar ediblər. Onların qan analizləri zamanı bədənlərində metamfetamin maddəsi aşkarlanıb.

Ən maraqlısı isə odur ki, istifadə yaşı 16-ya düşən və hazırda ölkəmizdə daha geniş yayılan metamfetamin daha çox qadınlara arıqlamaq üçün təklif olunur. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəsi Elşad Hacıyev 1news.az-a açıqlamasında bildirdi ki, “şüşə” kimi tanınan “metamfetamin” xüsusən gözəllik salonlarında gənc qadınlara “arıqlama dərmanı” adı ilə satılır:

“Onun ağır psixiatrop maddə olduğu bildirilmir. Xanımların daha çox üz tutduqları ünvanlarda belə halların olması ilə bağlı polisə müxtəlif siqnallar daxil olub. Hər bir məlumat üzrə müvafiq araşdırmalar aparılmaqla, qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi təmin olunub. Bütün hallarda hər bir vətəndaş bilməlidir ki, qəbul edilən istənilən dərman preparatı digər halda kimyəvi tərkibli maddə yalnız həkim tövsiyəsi əsasında olmalıdır. Əks təqdirdə qəbul edəcəyi mənşəyi, mahiyyəti bilinməyən hansısa kimyəvi tərkibli maddə insan həyatı üçün təhlükəli vəziyyət yarada bilər”.

Şöbə müdiri onu da əlavə etdi ki, cəmiyyətin hər bir üzvü narkotik bəlasının qarşısını alınmasında dövlətə, polisə dəstək olmalı, keçirilən tədbirlərə həssas yanaşmalıdır:

“Valideyinlər “mənim övladın narkotik vasitə istifadə etməz” deyib övladlarını nəzarətdən kənar qoymamalıdır. Valideyinlər övladlarının hərəkət və davranışlarını müşahidə etməlidir. Əgər valideyn hansısa formada övladının davranışında qeyri-ənənəvi hal müşahidə edirsə mütləq olaraq polisi məlumatlandırmalıdır. Narkotik vasitələrlə bağlı cinayətlər gizli hal daşıdığı üçün cəmiyyətin hər bir üzvü ayıq-sayıq olmalıdır. Bu bəladan xilasın yolu birgə mübarizədən keçir”.

Bəli, birgə mübarizə “patı” bəlasından xilas olmağın yeganə yoludur. Odur ki, gənclərimizin “ağ ölümün” qurbanına çevrilməmələri üçün birgə mübarizə aparmalı, əl-ələ verib bu yolla birlikdə addımlamalıyıq. Çünki bu yol, bizi qaranlıqdan birbaşa işıqlı dünyaya aparır.

Aytən Sakitqızı

Paylaş:
1505

Son xəbərlər

Bütün xəbərlər