Covid pasportu olanların bəziləri niyə toya buraxılmır? - DİN-dən AÇIQLAMA

Məlumdur ki, Azərbaycanda toyların keçirilməsinə yalnız karantin qaydalarına əməl edilməklə icazə verilib. Bu toylarda da yalnız və yalnız Covid pasportu olanların iştirakına icazə verilir, olamyanlar isə toya buraxılmır.
Amma bəzi Covid pasportu olanların, o cümlədən xarici ölkə vətəndaşlarının da toya buraxılmaması iddiası səslənir. Bunun nə dərəcədə doğru olub-olmamasını aydınlaşdırmaq məqsədilə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
Nazirliyin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev 1nwes.az-a açıqlamasında sözügedən iddianın tamamilə həqiqəti əks etdirdiyini bildirdi:
“Bu iddialarda müəyyən qədər həqiqət payı var. Çünki həmin xarici vətəndaşların və ya xarici ölkələrdə peyvənd olunan vətəndaşların üzərlərində daşıdığı Covid pasportu Azərbaycan, rus, ingilis dillərində deyil, digər dildə, yəni polis əməkdaşlarının və pasportu yoxlayan digər şəxslərin başa düşmədiyi dildə yazıldığı üçün müəyyən fikir ayrılığı yaranıb. Tövsiyə edirik ki, həm bizim, həm də xarici ölkələrin vətəndaşları müvafiq qaydada üzərlərində daşıdığı Covid pasportunu polis əməkdaşlarına təqdim edərkən həmin sənədin ölkəmizdəki Covid pasportu ilə uyğunluq təşkil etməsini bildirsinlər.
Bu gün pandemiya dövründə vətəndaşlarımız və xarici vətəndaşlar müəyyən edilən məhdudiyyət qayda və normalarına ciddi əməl etməlidirlər. Bu tədbirlərin keçirilməsində əsas məqsəd toy mərasimində iştirak edən şəxslərin sağlamlıqla bağlı təhlükəsizliyini qorumaqdır”.
Aytən Sakitqızı