“Əziz vətəndaş, mütləqdir ki, sənə nəsə olsun?” - Millət vəkili əhaliyə səsləndi

“Dünyanı cənginə alan SARS-CoV-2 pandemiyasının yaratdığı fəsadlar hamıya bəllidir. İstər iqtisadi, istərsə də digər tərəfdən dünyaya ziyan vuran bu virus dünya tibbini hazırlıqsız yaxaladı. Hətta səhiyyə sistemi yüksək səviyyədə inkişaf etmiş ölkələrdə belə pandemiya ilə mübarizədə müxtəlif çətinliklər yaşanmaqdadır”.
Bu sözləri 1news.az-a açıqlamasında millət vəkili Vüqar İskəndərli deyib. Ölkəmizdəki vəziyyətə toxunan millət vəkili dövlətimizin bu bəla ilə çox ciddi şəkildə və nümunəvi formada mübarizə apardığını söyləyib:
“Azərbaycanda dünyanın bir parçası kimi bu ağır pandemiya ilə mübarizəyə ilk qoşulan dövlətlərdən biri oldu. Hazırda ölkəmizdə pandemiyanın 3-cü dalğası yaşanır. Dövlət bu bəla ilə çox ciddi şəkildə və nümunəvi formada mübarizə aparır. Təsadüfü deyil ki, ÜST-ün siyahısında Azərbaycan pandemiya ilə mübarizəni düzgün şəkildə aparan nümunəvi ölkələr siyahısındadır. Azərbaycanda sırf bu sahə ilə bağlı 10 min nəfərdən çox çarpayı ehtiyatı və digər lazımi tibbi ləvazimatlar mövcuddur. Bununla yanaşı vaksin ehtiyatına görə də ölkəmizdə heç bir problem mövcud deyil. Bütün bu məsələlər ölkə başçısının birbaşa nəzarəti altındadır”.
Deputat payız fəslinin yaxınlaşması ilə əlaqədar yoluxma sayının artmasını normal hal kimi qiymətləndirib:
“Cəmiyyət bu bəla ilə gərgin mübarizədə öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir. Təəssüf doğuran bir məqamı qeyd edim ki, hələ də cəmiyyətimizdə öz ailəsində, qohumlarında, qonşularında Covid-19 infeksiyasından dünyasını dəyişənlər olsa da, özünə və ətrafına biganə yanaşanların sayı az deyil. Bu məqamda ritorik sual məni çox düşündürür. Əziz vətəndaş, mütləqdir ki, sənin özünə nəsə olsun? Bir məsələni dərk etməliyik ki, hər bir vətəndaş genofondumuzu təşkil edir. Ona görə də cəmiyyəti qorumaq mən, sən, biz, ümumxalq fərdlərdən başlayır”.
Aytən Sakitqızı