Media nümayəndələri yeni açılışı olan Sumqayıt Məhkəmə Kompleksində olublar - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Media nümayəndələri yeni açılışı olan Sumqayıt Məhkəmə Kompleksində olublar - FOTO

Qafar Ağayev16:18 - 07 / 09 / 2021
Media nümayəndələri yeni açılışı olan Sumqayıt Məhkəmə Kompleksində olublar - FOTO

Xəbər verildiyi kimi, sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt Məhkəmə Kompleksinin açılışını edib, binada yaradılan şəraitlə tanış olub.

1news.az xəbər verir ki, konseptual baxımdan yeni olan, öz funksionallığı ilə fərqlənən və altı məhkəməni – Sumqayıt apellyasiya, regional inzibati, kommersiya və ağır cinayətlər, Sumqayıt şəhər, eləcə də müvəqqəti olaraq Qubadlı rayon məhkəmələrini əhatə edən Sumqayıt Məhkəmə Kompleksində innovasiyalar və digər avadanlıqlarla təchiz olunmaqla yaradılan müasir şərait təxminən 1 milyon 460 min əhaliyə rahat və əlçatan, keyfiyyətli məhkəmə xidmətlərinin göstərilməsinə yönəlib.

Artıq istifadəyə verilmiş yeni məhkəmə kompleksi sentyabrın 7-də ictimaiyyətə təqdim olunub. Bu münasibətlə Ədliyyə Nazirliyi tərəfindən aidiyyəti rəhbər işçilərin və hakimlərin, Milli Məclisin deputatlarının, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Vəkillər Kollegiyasının, Mediasiya Şurasının, Azərbaycan Sahibkarlar Konfederasiyasının, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təmsilçilərinin, hüquqşünas alimlərin, vətəndaş cəmiyyəti və çoxsaylı KİV nümayəndələrinin iştirakı ilə geniş təqdimat keçirilib, media-tur təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə bina ilə tanış olublar.

Bildirilib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq məhkəmə sistemində islahatlar uğurla davam etdirilir, bu sahədə mühüm "yol xəritəsi" olan ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının icrası ilə bağlı ardıcıl tədbirlər görülür. Məhkəmə infrastrukturunun müasirləşdirilməsi çərçivəsində rəqəmsal innovasiyalar tətbiq olunmaqla yüksək texnoloji - «hi-tech» məhkəmə bina və kompleksləri inşa olunaraq istifadəyə verilir.

Son 17 ildə dövlət büdcəsi hesabına və Dünya Bankının iştirakı ilə paytaxtda və bölgələrdə 35 məhkəmə, elə bir o qədər də ədliyyə qurumu üçün yeni, müasir bina və komplekslərin tikilərək istifadəyə verilməsi dövlətimizin başçısının diqqəti və qayğısı sayəsində məhkəmə-hüquq sistemində görülən ardıcıl tədbirlərin tərkib hissəsidir.

Ötən dövrdə Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikasının Ali Məhkəməsi üçün müasir, əsl Ədalət Sarayı olan möhtəşəm bina inşa olunaraq istifadəyə verilib. Dövlət başçısı həmçinin, Sabunçu, Şəki Məhkəmə komplekslərinin, eləcə də Yasamal, Nərimanov, Binəqədi və Oğuz Rayon məhkəmələri üçün yeni binaların açılışlarında iştirak edib. Bu ilin mayında isə ölkə başçısının iştirakı ilə Suraxanı Rayon Məhkəməsinin yeni inşa olunmuş müasir binası istifadəyə verilib. Açılış zamanı dövlət başçısına Masallı rayonunda inşa olunmuş Məhkəmə Kompleksinin virtual təqdimatı keçirilib və sonra geniş media-tur təşkil olunmaqla ictimaiyyətə təqdim edilib. Sumqayıt Məhkəmə Kompleksi isə respublikamızda inşa olunan sayca dördüncü məhkəmə kompleksidir.

İctimaiyyət və media nümayəndələri kompleksdə Müzəffər Ali Baş Komandanın yenilməz sərkərdəliyi ilə Vətən müharibəsində qazanılmış Zəfər salnaməsinə, işğaldan azad edilmiş doğma torpaqlarımızda dövlətimizin başçısının müasir çağırışlara uyğun həyata keçirdiyi, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəal iştirakı və nəcib təşəbbüsləri ilə aparılan nəhəng bərpa-quruculuq işlərinə həsr olunan stendlərlə tanış olublar.

Məlumat verilib ki, burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə ədliyyə və məhkəmə sisteminin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr quraşdırılıb.

Sonra kompleksdə məhkəmə iclas zalları, ictimai və inzibati zonalar, hakimlər üçün və digər otaqlarla, "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi və innovasiyalarla tanışlıq olub.

Bildirilib ki, binada quraşdırılmış müasir elektron məlumat daşıyıcıları vətəndaşlara məhkəmə prosesləri və onların keçiriləcəyi tarix, vaxt, məhkəmə zalı, hakim və digər məsələlərlə bağlı informasiyanı maneəsiz əldə etməyə imkan yaradır. Həmçinin əhalinin həssas təbəqəsi olan əlil vətəndaşların rahat hərəkət etmələri üçün binada bütün zəruri şərait vardır.

Digər müasir məhkəmə binalarında olduğu kimi, Sumqayıt Məhkəmə Kompleksi də inzibati və ictimai zonalara bölünür. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulub. İcra məmurları, dövlət ittihamçıları və vəkillər də ictimai zonadan istifadə edəcəklər.

Paylaş:
1890

Son xəbərlər

Bütün xəbərlər