Sevinc Fətəliyeva: Ermənistan reallığı qəbul etmək məcburiyyətindədir
“Azərbaycan torpaqlarını otuz ilə yaxın müddət ərzində işğal altında saxlayan Ermənistan öz təcavüzkar siyasəti səbəbindən bütün regional layihələrdən kənarda qalıb və hazırda faktiki olaraq təcrid vəziyyətindədir.
Eyni zamanda, 44 günlük müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistanda sosial-iqtisadi böhran dərinləşib və bu, məğlub ölkəni növbəti siyasi kataklizmlərə sürükləyir.
Ona görə də, Ermənistan hakimiyyəti 10 noyabr 2020-ci ildə imzalanmış Birgə Bəyanatda nəzərdə tutulmuş razılaşmalara, o cümlədən kommunikasiyaların açılması məsələsinə ciddi yanaşmalıdır”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, bugünlərdə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında kommunikasiyaların açılmasına maraqlı olduqlarını dilə gətirib. Əslində, 10 noyabr razılaşmasından sonra erməni tərəfi bu tipli bəyanatlar səsləndirir. Amma Ermənistan hakimiyyəti bu mövqeyində səmimi olmalı, kommunikasiyaların açılmasına əngəllər yaratmamalıdır. Millət vəkilinin sözlərinə görə, Ermənistanın böhran və tənəzzüldən yeganə xilas yolu Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edərək konstruktiv və praqmatik mövqe sərgiləməkdən ibarətdir: “Azərbaycan dövləti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazanmaqla həm öz ərazi bütövlüyünün bərpasına nail oldu, həm də bütün region xalqları və dövlətləri üçün faydalı əməkdaşlıq imkanları yaratdı. Postkonflikt mərhələsində də Azərbaycanın irəli sürdüyü təşəbbüslər və təkliflər regional inkişafa, bölgədə əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir. Ermənistan bu tarixi şansdan istifadə edərək, yaranmış fürsəti dəyərləndirməlidir. Bunun üçün, ilk növbədə, ərazi iddiasından əl çəkməli, sülh müqaviləsinə hazırlıq işləri görməli, kommunikasiyaların açılmasını əngəlləməməli və sərhədlərin delimitasiyası ilə əlaqədar beynəlxalq hüquq normalarına uyğun konkret mövqe ortaya qoymalıdır”.
S.Fətəliyeva qeyd edib ki, regional kommunikasiyaların açılması üçün Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin üçtərəfli komissiyasının işi bərpa edilib. Məhz bu fakt Ermənistanın reallığı qəbul və dərk etmək məcburiyyətində olduğunu göstərir. Bütün bu məsələlərin həll olunması bütövlükdə region üçün əhəmiyyətli siyasi və iqtisadi faydalar vəd edir. Bu, bölgədə sülhün yaradılması, təhlükəsizliyin təmin olunması və əməkdaşlığın genişləndirilməsi baxımından çox önəmlidir.
“Məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyev “3+3” platforması ilə çıxış edib. Yəni 6 dövlətin – Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, İran və Ermənistanın birgə əməkdaşlığı regionun iqtisadi tərəqqisində çox mühüm rol oynaya bilər. Burada Zəngəzur dəhlizi isə müstəsna əhəmiyyət kəsb edir.
Bu dəhlizin açılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərin nəticəsi olaraq Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları Birgə Bəyanat əsasında yaradılacaq yeni Zəngəzur dəhlizi uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, qədim Zəngəzurun qapılarını da uzun həsrətdən sonra böyük türk dünyasının üzünə açır. Azərbaycan bölgədə davamlı sülhün bərqərar edilməsi üçün regional əməkdaşlığa böyük önəm verir. Zəngəzur dəhlizinin yaradılması da bu əməkdaşlığın vacib tərkib hissəsidir.
Bu baxımdan, Ermənistan hakimiyyəti kommunikasiyaların açılması məsələsində səmimi olmalı, prosesi uzatmamalı və bu yöndə razılaşmaların icrası üçün konkret addımlar atmalıdır”,-deyə millət vəkili vurğulayıb.