Mənşəyi bilinməyən, qiyməti isə od püskürən vahid məktəbli forması - ARAŞDIRMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Mənşəyi bilinməyən, qiyməti isə od püskürən vahid məktəbli forması - ARAŞDIRMA

16:50 - 10 / 09 / 2021
Mənşəyi bilinməyən, qiyməti isə od püskürən vahid məktəbli forması - ARAŞDIRMA

Sovet dövründə el arasında belə bir ifadə var idi: “forma-fartığ”.

Hamı bir nəfər kimi bu formanı geyinib, məktəbə yola düşürdü. Keyfiyyətinə də söz ola bilməzdi. Bu geyim ailədə olan bir uşaqdan digərinə ötürülürdü. Hamı bir nəfər kimi o formanı geyinirdi. Qiyməti də cibə uyğun.

Amma indi vəziyyət tam əksinədir. Nə keyfiyyəti keyfiyyət deyil, nə də qiyməti. Necə deyərlər, kasıbın cibinə uyğun olmayan, qiyməti də ceyran belində olan bu məktəbli formalarını sosial vəziyyəti aşağı olan ailələr ala bilmirlər. Nəticədə də məcburiyyətdən övladlarını ciblərinə uyğun şəkildə geyindirib, məktəbə yola salırlar. Bu öz yerində, amma hazırda elə məktəblər də var ki, orada heç vahid forma tətbiq edilməyib.

Hələ 2019-cu ildə, yəni Ceyhun Bayramovun Təhsil naziri olduğu vaxtlarda, nazirliyin baş məsləhətçisi Əhliyət Adıgözəlov bildirmişdi ki, 2020-2021-ci tədris ilindən Azərbaycanın bütün dövlət ümumtəhsil məktəblərində vahid məktəbli forması tətbiq ediləcək. Təbii ki, o zaman nə pandemiya var idi, nə də tüstüsü. Məlum epidemiya bütün sahələr kimi təhsil sahəsinin də planlarını alt-üst etdi.

Keçək mətləbə, o mətləb ki, yuxarıda qeyd etmişik. Yəni, vahid formanın istər keyfiyyəti, istərsə də qiyməti valideynləri qane etmir.

1news.az məsələ ilə bağlı araşdırma aparıb.

Övladı 9-cu sinifdə təhsil alan Xəyalə Mustafayeva deyir ki, formanı bir dəfə paltaryuyan maşına atıb, çıxardıqda isə sapları əlində qalıb:

“Mən bilmirəm necə saplarla tikilir, amma elə bir dəfə yumağımı gördüm. Yuyulduqdan sonra onu o qədər ütülədim ki, əvvəlki formasına qayıtsın. Təəssüf ki, olmadı. Düzdür, bəlkə qiymətindən asılı olaraq keyfiyətli saplarla tikilənləri də var. Amma əgər qiymətinə görə dəyişirsə, niyə keyfiyyətsiz sapla tikilməlidir ki?! 55 manata almışam, biz buna pul veririk, kağız parçası vermirik. Mənim yoldaşım fəhlədir və mən ikiqat xərcə düşdüm. Artıq nazir məktəblərin sentyabrın 22-dən başlayacağını elan edib. Mən də 22-si cibimə uyğun geyim alıb, qızımı məktəbə yola salacağam. Başqa çarəm yoxdur”.

Xəyalə kimi bir neçə belə ailə var ki, sosial durumu heç də ürəkaçan deyil. Amma sentyabrın 22-si üçün büdcələrinə uyğun geyim alıb, övladlarını təhsil aldıqları orta ümumtəhsil müəssisəsinə yola salacaqlar. Çünki qeyd etdiyimiz kimi onları nə keyfiyyət, nə də qiymət qane etmir.

Bəllidir ki, bu gün bütün ölkə üçün məktəbli formaları hazırlayan Bakı Tikiş Evi qiymətləri özü müəyyənləşdirir. Çox guman ki, xüsusi satış məntəqələri də var. Məsələ ilə bağlı elə adıçəkilən Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimovla əlaqə saxladıq. Müsahibim saxta formaların onların satış mərkəzlərindən alınmadığını söylədi:

“Hazırda Sədərək, Binə ticarət mərkəzlərində mənşəyi bilinməyən vahid məktəbli forması satılır, özü də bizim loqo ilə baha qiymətə. Aidiyyatı qurumlara müraciət etsək də, qarşısını ala bilmirlər”.

2017-ci ildən bəri qiymətlərin dəyişilmədiyini deyən Etibar Əzimov bildirdi ki, qiymətlər bütün ölçülərdə və cibə münasib tənzimlənir:

“Tək köynək bütün ölçülərdə (26-54 razmer) 8 manat, jiletlər (26-54 razmer) 8 manat, 34 razmerdən başlamış 54 razmerə kimi olan kostyumlar 1-6-cı siniflər üçün 40 manat, yuxarı- 7-11-ci siniflər üçün isə 46 manatdır. Dövlət Standartlaşdırma Komitəsinin uyğunluq sertfikatına əsasən tikilən formalar üçün materiallar Türkiyədən gətirilir. Bizim satış mərkəzlərimiz var və kim istəyirsə oradan əldə edə bilər. Ən azı bir il zəmanət veririk”.

Təhsil eksperti Ramal Şəmşədli hesab edir ki, hər bir məktəbin vahid formasının olması mütləqdir. Çünki, bu məktəbin geyim mədəniyyəti deməkdir:

“Amma təəssüf ki, bu gün bu formanı qiymətinə görə ala bilməyən ailələr var. Qiymət elə olmalıdır ki, hamı ala bilsin. Geyimin görkəmi və keyfiyyəti də həmçinin yaxşı olmalıdır ki, şagirdlər onu həvəslə geyinə bilsinlər. Amma bəzi hallarda tam əksi ilə qarşılaşırıq. Təəssüf ki, yuxarı siniflərdə özbaşınalıq baş alıb gedir. Çünki bəzi valideynlər hətta özləri də etiraf edir ki, onların övladı vahid formanı geyinmək istəmir. Amma düşünürəm ki, biz bunu elə vəziyyətə gətirməliyik ki, bütün məktəblilər bu geyimi könüllü olaraq geyinsinlər. Məktəbli forması geyinməməyin qeyri-düzgün olduğunu insanlar bilməlidir və biz genişmiqyaslı təbliğat işləri aparmalıyıq”.

Ekspert hesab edir ki, ilk növbədə vahid formanı vacib hesab etməyən məktəb rəbərləri cəzalandırılmalıdır:

“Əgər dərsə vahid formada gəlməyən uşaqların kənardan şəkli çəkilib, “filan məktəbin şagirdi bu geyimdə dərsə gedib-gəlir” başlığı ilə paylaşılsa, həmin direktora mütləq töhmət veriləcək. Belə olan halda da məktəb direktoru mühafizəçidən əvvəl qapıda dayanacaq ki, vahid formada gəlməyən şagirdləri sinif otaqlarına deyil, geriyə, evlərinə göndərsin. Əgər bunu etsələr, bütün məktəblilər formada gələcəklər.

Qardaş Türkiyədə özəldən tutmuş dövlətinə kimi məktəbli geyimi, məktəbli mədəniyyəti var. Hamı bir nəfər kimi məktəbə vahid formada gedir. Düzdür, sovetlər vaxtında həqiqətən də nəinki orta, hətta ali məktəb tələbələri də fərqlənirdi. Amma indi əksinə, nə orta, nə də ali məktəb tələbələri fərqlənmirlər. Məsələn, pioner qalstuku necə gözəl görünürdü. Hazırda orta ümumtəhsil müəssisələrində olmasa da, ən azından ali təhsil ocaqlarında təhsil alan tələbələr fərqli olaraq boyunlarına qalstuk bağlasınlar. İnanın ki, ürəkdən istəsək, bunu edərik. Avropa ölkələrində vahid formasız kimsə dərsə getmir. Artıq ənənə halını alıb”.

Baxmayaraq ki, təhsil naziri Emin Əmrullayev brifinqdə çıxışı zamanı məktəblərdə vahid forma ilə bağlı qərarın qəbul edilmədiyini və bu məsələnin hazırda məktəb rəhbərlərinin səlahiyyətində olduğunu dedi. Amma görünən odur ki, ekspertin də dediyi kimi, bunu ölkəmizdə də ənənə halına gətirməliyik. Bunun üçün də iki mühüm göstərici var: keyfiyyət və uyğun qiymət. Əliniz cibinizdə olsun. Əgər o cibdə pul varsa.

Aytən Sakitqızı

Paylaş:
840

Son xəbərlər

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02
Bütün xəbərlər