“Onlayn kitab klubu” layihəsinə start verilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Onlayn kitab klubu” adlı sosial layihəyə start verilib.
Bu barədə 1news.az-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, layihənin əsas məqsədi şagirdlərin mütaliəyə istiqamətləndirilməsi işində səmərəliliyin, onlarda oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi, nitq vərdişlərinin təkmilləşdirilməsi, fikirlərini tam və sərbəst şəkildə ifadə edə bilmək imkanlarının formalaşdırılmasından ibarətdir.
İKT-dən istifadə bacarıqlarının mütaliə ilə vəhdətdə inkişafını hədəfləyən layihə üçün feysbuk sosial şəbəkəsində “Onlayn kitab klubu” səhifəsi yaradılıb.
Səhifədə elektron və audiokitabların paylaşımı, müxtəlif kitabların müzakirələri, kiçik rubrikalar əsasında müsabiqələrin təşkili, şagird və müəllimlərin təşəbbüsü ilə kitablarla bağlı fikirlərin bölüşdürülməsi, yazıçı və şairlərlə vaxtaşırı feysbuk üzərindən canlı görüşlərin təşkil olunması nəzərdə tutulub.