Bakıda təhsillə bağlı beynəlxalq konfrans keçiriləcək
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi İli” elan edilib. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığı bəşər mədəniyyətinə mühüm töhfələr verib.
1news.az xəbər verir ki, Heydər Əliyev Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi və Təhsil Nazirliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Turizm Agentliyi, "Regional İnkişaf" İctimai Birliyi, Azərbaycan Futuroloqlar Cəmiyyətinin - Minillik Layihəsinin Azərbaycan Respublikasındakı bölməsi və Bakı Media Mərkəzinin partyorluğu ilə 2021-ci il 24 sentyabr tarixində “Nizami Gəncəvi İlinə həsr olunmuş “Post COVID -19 və 4-cü sənaye inqilabı perspektivlərində təhsilin dizaynı” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq təşkil ediləcək tədbirdə dünyanın 20-dən çox ölkəsindən beynəlxalq və yerli ekspertlər həm də onlayn formatda təmsil olunacaq.
Dünyanın və Azərbaycanın aparıcı universitetlərinin, araşdırma mərkəzlərinin mütəxəssisləri və peşəkarlarının da təmsil olunduğu beynəlxalq konfrans rəqəmsal transformasiyanın təhsil, aqrar sahəsi, kommunikasıya və texnologiyalara, əmək bazarına təsiri mövzularını əhatə edəcək.
Eyni zamanda, konfansda “Sənaye 4.0 və yeni təhsil texnologiyaları”, “Bilik idarəçiliyi”, “Rəqəmsal kənd təsərrüfatı”, “İqtisadiyyatın rəqəmsallaşması”, “Süni intellekt və etika”, “Rəqəmsal dövr: İqtisadiyyat və təhsil sisteminə təsir” və “Rəqəmsal dövrdə yeni peşələr” kimi mövzular 4 panel üzrə müzakirə ediləcək.
Konfransın işinə UNİCEF, UNESCO, Dünya İqtisadi Forumunun və digər beynəlxalq təşkilatların nümayəndələrinin qoşulacağı gözlənilir.
Beynəlxalq spikerlər “Əmək bazarının yeni rəqəmsal təhsil tələbləri əsasında yenidən qurulması”, “4-cü Sənaye İnqilabı dövründə peşəkar mütəxəssislərin yetişdirilməsi üçün mövcud olan qlobal siniflər”, “4-cü Sənaye İnqilabı və “Əşyaların İnterneti” (IoT) üçün yeni bir təhsil yolu”, "Onlayn tədrisin keyfiyyətinin artırılması", "Ölkələrarası əməkdaslıq 4-cü Sənaye İnqilabı üzrə təşəbbüsü dəstəkləyir" və digər mövzularda təqdimatla çıxış edəcəklər.
Qeyd edək ki, beynəlxalq konfransın məqsədi 4-cü Sənaye İnqilabının təsirləri və çağırışları ilə yaranacaq yeni formatlı təhsillə əlaqədar iqtisadiyyatın müxtəlif sahələrində baş verən dəyişikliklərə uyğun olaraq bilik və bacarıqların formalaşdırılması üçün zəruri tədbirlərin görülməsinin vacibliyini cəmiyyətə çatdırmaqdır.