Bakıdakı dönərxanalardan birində ət qablaşdırması ilə birlikdə bişirilir – AQTA araşdırmaya başladı – FOTO – VİDEO
Bir oxucumuz 1news.az saytının redaksiyasına müraciət edərək Bakıdakı dönərxanalardan birində çəkmiş olduğu maraqlı videoçarx göndərib.
“Memar Əcəmi” metro stansiyasının yaxınlığında yerləşən dönərxanalardan birinin yaxınlığında dayanarkən şahidi olduğum mənzərə məni heyrətə gətirdi: dönər üçün nəzərdə tutulmuş və qida streçi bükülmüş əti şişə elə plyonka ilə keçirdilər. Hətta qiymət kağızı da onun üzərində idi. Bunun düzgün olmadığını və yanmış qida plyonkasının insan orqanizmi üçün təhlükə törətdiyini (bunun ağlasığmaz olduğunu) dedikdə dönərçi dönəri necə bişirmək lazım olduğunu daha yaxşı bildiyini bildirdi. Dönərxananın administratorunu çağırmağı xahiş etdim, lakin o da mənim sözlərimə məhəl qoymayaraq, bunu “Hətta nəvələrim də bu dönərdən yeyirlər, o təhlükəsizdir” fikri ilə əsaslandırdı. Sonra isə ümumiyyətlə şəhərin bütün dönərxanalarında belə edildiyini söylədi”.
Oxucunun sözlərinə görə, bu dönərxana “Kardeşler Marmaris” restoranı ilə əlaqəlidir.
Bu dəhşətli videonu göndərmiş oxucu kimi bizə də dönərin bişirilmə qaydası qəribə görsəndi. Məlumdur ki, qida streçi məhsulların saxlanması üçün nəzərdə tutulub, bişirilməsi üçün yox. Bir çox hallarda qida plyonkasının tərkibində mütəxəssislərin kanserogen maddələrə aid etdikləri vinilxlorid, habelə ftalat maddələrinə rast gəlinir. Yüksək temperatur, yağ və ya piyin təsiri altında onlar hissələrə parçalanır və insan orqanizminə düşürlər. Onlar endokrin sistemə mənfi təsir göstərirlər. Yəni bu streçlərdən təyinatı üzrə istifadə edilməməsi (indiki halda onu ərimə səviyyəsinədək qızdırılması) reproduksiya sistemində problemlərə və metobolizm proseslərinin pozuntusuna səbəb ola bilər.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) 1news.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində qida zəncirinin bütün mərhələlərində dövlət nəzarətini həyata keçirir.
“İstehlakçıların kütləvi qidalandığı məkanlar, ictimai iaşə obyektləri, o cümlədən dönərxanalarda Agentliyin əməkdaşları tərəfindən mütəmadi olaraq monitorinqlər həyata keçirilir. Həmçinin konkret faktlara əsaslanan hər hansı müraciətlər daxil olduqda növbədənkənar (plandankənar) yoxlamalar həyata keçirilir. Yoxlamalar zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ sənədlərin tələblərinin pozulması halları aşkarlanarsa, bununla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür. Qeyd edək ki, qida məhsulları, eyni zamanda dönər hazırlanarkən texniki normativ sənədlərin tələblərinə uyğun texnoloji ardıcıllıq gözlənilməli və qida təhlükəsizliyi tələblərinə əməl olunmalıdır. Qeyd olunan məsələ ilə bağlı məlumatlar mətbuatdan götürülərək araşdırmalara başlanıb. Araşdırmaların nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək. Vətəndaşlar ictimai iaşə obyektlərində istehlak etdikləri məhsulların təhlükəsizliyinə şübhə etdikdə və hər hansı nöqsanlarla rastlaşdıqda, Agentliyin “1003-Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər. Müraciət daxil olduqdan sonra dərhal araşdırmalara başlanılır və qanunamüvafiq tədbirlər həyata keçirilir”.
Bununla bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri, eyni zamanda AQTA yanında İctimai Şuranın üzvü olan Eyyub Hüseynova da müraciət etdik.
E.Hüseynovun sözlərinə görə, hazırda Azərbaycanda dönər əti istehsalı ilə məşğul olan yalnız 2 şirkət var. Bunlar “Səhliyalı” MMC və AZPROTEYİN FOOD MMC-dir.
“Bu istehsalçılar dönərxanalara əti tam hazır, yəni qida streçi ilə qablaşdırılmış və şişə keçirilmiş şəkildə çatdırırlar. Ətin bu qablaşdırması bütün lazımi standartlara cavab verir. Belə ki, tərkibindəki bütün təhlükəli mikroorqanizmləri və bakteriyaları məhv etmək üçün daha öncə onu mütləq şəkildə -40 Selsi temperaturda dondururlar.
Redaksiyanıza göndərilmiş videoçarxda əks olunanlara biabırçılıqdan başqa ad vermək mümkün deyil. Görünür, dönərxana sahibi tənbəllikdən və ya hansısa digər səbəbdən ətin qablaşdırmasını açmaq istəməyib və onu elə bu halda bişirmək qərarına gəlib. Başqa sözlə desək, o bilərəkdən istehlak üçün təhlükəsiz əti sağlamlıq üçün təhlükəli hala gətirir.
Bir daha təkrar edirəm, əti bu şəkildə bişirmək ciddi fəsadlara səbəb ola bilər. Məsələ burasındadır ki, qida plyonkası yanarkən havaya təhlükəli dioksin qazı buraxılır və bu qazı dönərçi özü nəfəsinə çəkir. Bundan başqa, yanma maddələri ətə hopur ki, bu da əti istehlak edənlər üçün təhlükə törədir.
Bu dönəri öz nəvələrinə də verdiyini deyən dönərxana sahibinin məsuliyyətsizliyinə gəlincə, bu, sadəcə savadsızlığın nəticəsidir. Bəzi insanlar düşünürlər ki, əgər dərhal zəhərlənməyiblərsə deməli təhlükə yoxdur. Əslində bu cür zəhərlənmə toxuma və orqanlarda toplanmaqla insanı tədricən öldürür.
Bu məsələni mütləq AQTA-da qaldıracağam. Təkcə bu dönərxanada deyil, Bakının bütün dönərxanalarında monitorinq keçirmək lazım olacaq. Həmçinin, yuxarıda sadalanan şirkətlərin rəhbərlərinə bu fakt barədə məlumat verəcəyəm ki, təkcə "Memar Əcəmi" metro stansiyası yaxınlığındakı dönərxanaya deyil, pozuntu halları aşkarlanmış bütün dönərxanalara ət tədarükünü dayandırsınlar", - E.Hüseynov bildirib.
Bu məsələni nəzarətdə saxlayacağıq.