Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarının inşasındakı son durum

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm yol infrastrukturu layihələrindən olan Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarının inşası sürətlə davam etdirilir.
Bu barədə 1news.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məlumat verdi.
Onun sözlərinə görə, yol başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürür.Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 66 kilometr təşkil edir:
- Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər 17 kilometr uzunluğunda yeni avtomobil yolu da inşa edilir;
- Layihələndirilən yolların ümumi uzunluğu 83 kilometrdir;
- Avtomobil yolları 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir.
Məlumata görə, artıq Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun ilk 6 kilometrlik hissəsində torpaq işləri, yeraltı keçid və boruların inşası işləri yekunlaşıb, hazırda qeyd olunan hissədə yol geyiminin inşası aparılır. Yolun 7-40 kilometrlik hissəsində isə torpaq işləri icra olunur, yeni yol yatağı inşa edilir. Yeni inşa edilən yollar boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi borular və düzbucaqlı su keçidləri, həmçinin əsas yolda 5 və yanaşma yollarında daha 5 yeni avtomobil körpüsünün tikintisi də icra olunur.
Layihə çərçivəsində Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə gedən avtomobil yolu ilə kəsişmədə müxtəlif səviyyəli yol qovşağının tikintisi də nəzərdə tutulur. Yeni Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları işğaldan azad edilmiş Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçir. Avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edir.
Aytən Sakitqızı