Penitensiar Xidmət: Koronavirusdan ölən Rafael Cəbrayılov vaksinasiyadan imtina etmişdi – YENİLƏNİB
Ədliyyə Nazirliyi Penitensiar Xidməti həbsdə olan sabiq deputat Rafael Cəbrayılovun ölümü ilə bağlı məlumat yayıb.
Penitensiar Xidmətdən 1news.az-a daxil olan məlumatda bildirilib ki, vəzifə cinayətinə və dələduzluq əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmuş Milli Məclisin sabiq üzvü Cəbrayılov Rəfael Kamil oğlu sentyabr 30-da müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd olunub ki, Bakı Ağır Cinayətlər Məhkəməsində haqqında işinə baxılan R.Cəbrayılovun hüquqlarını müdafiə edən vəkili koronavirus infeksiyasına yoluxduğu üçün məhkəmə təxirə salınıb. Bundan sonra R.Cəbrayılovdan "COVİD-19" infeksiyasına qarşı test nümunələri götürülmüş və nəticəsi pozitiv çıxıb. Cəzaçəkmə müəssisələrində könüllü olaraq aparılan kütləvi vaksinasiyadan qəti imtina edib, 1958-ci il təvəllüdlü, xroniki şəkərli diabetin kəskinləşməsindən və arterial hipertoniyadan əziyyət çəkən R.Cəbrayılov müvafiq müalicə tədbirlərinə cəlb olunub, lakin xroniki xəstəlikləri ilə əlaqədar təhlükəli risk qrupuna daxil olması nəzərə alınaraq sentyabrın 28-də o, müalicəsini davam etdirmək üçün "Yeni Klinika" xəstəxanasına yerləşdirilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq R.Cəbrayılov vəfat edib.
12:10
Sabiq deputat Rəfael Cəbrayılovun ölüm səbəbi açıqlanıb.
Bu barədə 1news.az-a "Yeni Klinika”dan məlumat verilib.
“Rəfael Cəbrayılov 60 saturasiya ilə xəsəxanaya daxil olub. Həkimlərin ciddi səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb”, - məlumatda qeyd olunub.
10:48
Həbsdə olan sabiq millət vəkili Rafael Cəbrayılov vəfat edib.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bir neçə gün əvvəl COVID-19-a yoluxan Rafael Cəbrayılov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, Rafael Cəbrayılovun dələduzluda təqsirli bilinib. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda Ağır Cinayətlər Məhkəməsində cinayət işi davam etdirilib.