Azərbaycan “Əsrin müharibəsi” koronavirusla necə mübarizə aparır?- Deputatdan AÇIQLAMA

“Əsrin müharibəsi” hesab edilən COVID-19 pandemiyasına qarşı mübarizə məsələlərində dövlətlərin, xalqların və liderlərin hansı mövqedə dayandıqlarının geniş müzakirə məsələsinə çevriləcəyi və müvafiq qiymətləndirmələrin aparılacağı labüd görünür”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirdi:
“Artıq bu istiqamətdə ilkin addımlar atılmaqdadır. İstisnasız söyləmək olar ki, həmin müzakirələrin nəticəsi olaraq bütün beynəlxalq ictimaiyyət etiraf edəcəkdir ki, pandemiyadan qlobal qurtuluşun əldə edilməsi naminə beynəlxalq səyləri bir yumruq kimi birləşdirən dövlət Azərbaycan Respublikası, lider isə Prezident İlham Əliyevdir. Həmin səylər sayəsində pandemiyaya qarşı dünya dövlətlərini iqtisadi, sosial, humanitar və xüsusilə də tibbi sahələrdə əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə keçməsi və bunun nəticəsi olaraq bəşəriyyətin intizarla gözlədiyi COVID-19 əleyhinə peyvəndin əldə edilməsi strateji əhəmiyyətli məsələyə çevrilib. Eyni zamanda, həmin peyvəndə hər bir dünya dövlətinin əlçatanlığının təmin olunması da kifayət qədər aktuallıq kəsb edən məsələdir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı çıxışında bir daha bu məsələyə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edərək qeyd etdi ki, Azərbaycan dəfələrlə açıq şəkildə peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınması ilə bağlı narazılığını ifadə edib. Biz davam edən “peyvənd millətçiliyi” və peyvəndlərə çıxışla əlaqədar inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında dərinləşən qeyri-bərabərliklə bağlı narahatlığımızı bir daha vurğulayırıq. Belə hərəkətlər inkişaf etməkdə olan ölkələrin öz əhalisini qorumasını əngəlləyir. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 75 faizindən çoxu 10 zəngin ölkə tərəfindən alınıb, aşağı gəlirli ölkələrdə isə peyvəndlənmə 2 faizdən azdır”.
Millət vəkili onu da əlavə etdi ki, bu məsələyə beynəlxalq diqqətin cəlb edilməsi məqsədilə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürmüş və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib:
“Bu reallıqda dövlətlərin pandemiya dövründə belə bir-birinə qarşı geosiyasi ambisiyalardan əl çəkməməsi, sərhədlərin bağlanmasından belə iqtisadi təzyiq elementi kimi istifadə etməsi acınacaqlı haldır. Heç şübhəsiz, bütün bu və digər olduqca aktual məsələlər Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il dekabrın 3-də reallaşdırılan BMT Baş Assambleyasının Xüsusi Sessiyasının gündəliyini müəyyən edib. Dövlət başçısının rəhbərliyi altında atılan irimiqyaslı addımlar xalqımız tərəfindən yüksək qiymətləndirilir və alqışlanır. Təsadüfi deyil ki, hər gün minlərlə soydaşımız Prezident İlham Əliyevə ünvanladığı minnətdarlıq məktublarında ümumi bəlaya çevrilmiş pandemiyaya qarşı mübarizədə dövlət başçısının qətiyyətinə, tələbkarlığına, peşəkarlığına, humanizminə, xeyirxahlığına, qayğısına və şəfqətinə heyran qaldıqlarını dilə gətirir, öz rəhbərləri ilə fəxr və qurur hissi keçirdiklərini vurğulayırlar. Bu məktubların leytmotivini təşkil edən əsas ideya odur ki, Prezident İlham Əliyev öz güc mənbəyi olan xalqının hər bir nümayəndəsinin Prezidenti olduğunu 18 ildir ki, hər gün, hər saat, hər saniyə konkret əməli addımları ilə sübut edir, xüsusilə pandemiya dövründə hər bir azərbaycanlının sağlamlığı və həyatını hifz etməyi, əhalinin sosial müdafiəsini təmin etməyi, paralel olaraq iqtisadi fəallığı həyata keçirməyi öz fəaliyyətinin bir nömrəli vəzifəsi kimi müəyyən edib və bu istiqamətdə mərhələli şəkildə kompleks tədbirlər həyata keçirir”.
Deputat həmçinin bildirdi ki, eyni məntiqlə pandemiyadan ziyan çəkən sahibkarlıq subyektlərinə, mikrosahibkarlara, yəni təxminən 600 min nəfərə dövlət tərəfindən 644 milyon manata qədər ciddi maliyyə dəstəyi göstərilib:
“2021-ci ilin dövlət büdcəsində isə 261 milyon manat nəzərdə tutulub. Xüsusilə işsiz və iş yerini müvəqqəti itirmiş şəxslərə 4 dəfə 190 manat birdəfəlik ödəniş edilib. Bu qəbildən xərclər 450 milyon manata bərabər olub. Bütövlükdə indiyədək COVID-19-un təsirinə məruz qalmış əhalinin və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün təqribən 2.7 milyard ABŞ dolları həcmində sosial-iqtisadi paket təqdim edilib.Təsadüfi deyil ki, pandemiya ilə mübarizə sahəsində Azərbaycanın atdığı səmərəli addımlar beynəlxalq səviyyədə qəbul edilir. 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırıb. Onu da xüsusi olaraq qeyd edək ki, Azərbaycan bütün bu fəaliyyəti özünün maliyyə resursları hesabına həyata keçirib. Ölkəmiz, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə dəstəyi göstərib, 30-dan artıq ölkəyə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə yardımı edib. Bundan əlavə, dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərib.Eyni zamanda, Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində çıxışı zamanı növbəti unikal təşəbbüslə çıxış edib: “Hesab edirik ki, COVID-19-dan sonra daha yaxşı bərpa üçün güclü, əlaqələndirilmiş və məqsədyönlü qlobal addımlara ehtiyac var. Bu mənada biz pandemiyadan sonrakı dövr üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlayacaq BMT-nin COVID-19-dan sonra qlobal bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edirik”.
Aytən Sakitqızı