İqtisadi böhranla üz-üzə olan qondarma rejimin çıxış yolu nədir? - Deputatdan AÇIQLAMA

Qondarma rejimin “iqtisadiyyat və kənd təsərrüfatı naziri” Armen Tovmasyanın sözlərinə görə, Azərbaycan müharibədə, həqiqətən də, iqtisadi üstünlük qazanıb və qondarma rejim artıq əvvəlki kimi özünü təmin edə bilmir və bu çatışmazlıq Ermənistandan idxal edilən enerji hesabına ödənilir.
Lakin Ermənistan özü də elektrik enerjisi ilə bağlı problem yaşayır, eyni zamanda Ermənistanla "Dağlıq Qarabağ" arasındakı elektrik transferi atəşkəs razılığı çərçivəsində Azərbaycana verilən Kəlbəcər rayonundan keçən elektrik xətləri səbəbindən dayandırılıb. Mövcud yeganə transfer xətti Laçın dəhlizi boyunca uzanır. Bu isə sabit enerji təchizatını azaldır.
Qondarma rejimin “ombudsmanı” Qeqam Stepanyan söyləyib ki, enerji təhlükəsizliyinin təmin edilməsi üçün konkret tədbirlər görülməsə, onlar gələn ilin payızında ciddi problemlərlə üzləşəcəklər.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov 1news.az- a açıqlamasında bildirdi ki, Azərbaycanın ərazilərinin bir hissəsi Ermənistan işğalında olduğu vaxt, yalnız təbii ehtiyyatlarımızdan deyil, həm də enerji resurslarımızdan istifadə edirdilər:
"Qondarma rejim elektrik enerjisinə olan tələbi daha çox Ermənistanın idxalı hesabına ödəyirdi. Bu da uzun müddət işğal altında qalan Kəlbəcər rayonu vasitəsilə həyata keçirilirdi.
Artıq Kəlbəcər rayonu işğaldan azad olunub və hazırda Ermənistan elektrik enerjisinin nəqlini Laçın dəhlizi vasitəsilə həyata keçirir. Bu ondan xəbər verir ki, Ermənistan özünün elektrik enerjisinə olan tələbatını ödəyə bilmədiyi üçün qondarma rejjmin də elektrik enerjisinə olan tələbatına xüsusi tövfə verə bilməyəcək.
Qış aylarında enerjiyə tələbatın artdığını nəzərə alsaq, Ermənistanın özündə elektrik enerjisinin ödənilməsində fasilələrin olacağı qaçılmazdır. Elə buna görə də bu gün Qarabağda yaşayan ermənilər üçün tək yol Azərbaycan vətəndaşlığını qəbul edib nəzərdə tutulan imtiyazılardan istifadə edə bilmələridir. Son hadisələr onu göstərir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və sülh müqaviləsini imzalamalıdır".
Aytən Sakitqızı