Bakı Zooloji Parkının ilk ziyarətçiləri şəhid övladları və uşaq evlərinin sakinləri olub - FOTO
Məlum olduğu kimi, oktyabrın 7-də IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulmuş Bakı Zooloji Parkı istimara verilib.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, Leyla Əliyevanın tapşırığına əsasən, yenidən qapılarını açan Bakı Zooparkının ilk ziyarətçiləri uşaq evlərindən və şəhid ailələrindən olan 450 nəfərə yaxın uşaq olub.
İlk olaraq, uşaqlar zooparkda məskunlaşan vəhşi heyvan növləri ilə tanış olub, onların davranışlarını böyük maraqla izləyiblər. Uşaqlarda kiçik yaşlardan təbiətə sevgi və qayğı hissini formalaşdırmaq məqsədiləonlara canlı aləmin həyatımızdakı rolu və mühafizəsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Uşaqlar daha sonra müxtəlif əhliləşdirilmiş heyvanlar, o cümlədən ponilər, keçilər, dovşanlar və s. ev heyvanları yerləşən kontakt zooparkının sakinləri ilə tanış olub, onlarla oynayıb, maraqlı və əyləncəli vaxt keçiriblər.
Tədbirin sonunda zooparkın ərazisində uşaqlar üçün ziyafət və şənlik təşkil edilib, xatirə fotoları çəkilib.
Əsaslı yenidənqurma işləri nəticəsində Zooloji Parkın kompleksi ziyarətçilər üçün daha rahat və maraqlı məkana çevrilib, ümumi ərazisi demək olar ki, iki dəfə artırılaraq 4,25 hektara çatdırılıb. Hazırda zooparkdakı heyvan növlərinin ümumi sayı 125, “Qırmızı kitab”a düşən növlərin sayı isə 22-dir.
Digər yeniliklər və müxtəlif əyləncə obyektləri ilə yanaşı, ərazidə uşaq meydançası, lektoriya və elektron bələdçi sistemi yaradılıb. Zoopark hamının, o cümlədən fiziki qüsurlu şəxslərin, bütün yaş qruplarından olan ziyarətçilərin istirahət edə və maariflənə biləcəyi məkana çevrilib.
Zooparkda saxlanılan heyvanlar üçün daha rahat volyerlər, akvaterrarium, kontakt zooparkı, suni göl və hovuzlar və baytarlıq klinikası inşa edilib. Heyvanların saxlandığı volyerlər hər növün özünəməxsus ehtiyacları nəzərə alınaraq hazırlanıb və sahəsi kifayət qədər genişləndirilib.