Bakıda 6 aylıq oğlunu öldürən atanın məhkəməsi başladı
Bakı Ağır Cinayətlər Məhkəməsində 6 aylıq övladını qətlə yetirməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü Əliyev Vüsal Həsən oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
1news.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, V.Əliyev daha əvvəl məhkumluq həyatı yaşamayıb.
V.Əliyev bildirib ki, hadisə vaxtı içkili olub, baş verən hadisədən peşmandır.
Məhkəmənin baxış iclası gələn həftə keçiriləcək.
İttihama görə, hadisə bu il mayın 30-da da baş verib. 2020-ci il təvəllüdlü Əliyev Ruzi Vüsal oğlunun yaşadığı evdə ölməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub. İlkin istintaqla cinayətin zərərçəkmişin atası Əliyev Vüsal Həsən oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.
Vüsal Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.