Baş Prokurorluq və MEDİA-nın təşkilatçılığı “Media və Hüquqi Maarifləndirmə” mövzusunda tədbir keçirilib
Baş Prokurorluq və Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə prokurorluq orqanları ilə kütləvi informasiya vasitələri arasında işgüzar əlaqələrin möhkəmləndirilməsini, fəaliyyət istiqamətləri üzrə keyfiyyət və səmərəliliyin daha da artırılmasını, habelə məlumat mübadiləsi zamanı mövcud qanunvericiliyin tələblərinə əməl olunmasını təmin etmək məqsədilə prokurorluğun inzibati binasında “Media və Hüquqi Maarifləndirmə” mövzusunda tədbir keçirilib.
1news.az-ın məlumatına görə, Baş prokurorun müavini Heydər Məmmədov və Medianın İnkişafı Agentliyinin sədri Əhməd Quliyevin çıxış etdiyi tədbirdə ölkənin bir çox media nümayəndələri iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə doğma torpaqlarımızın 44 gün ərzində yenilməz Azərbaycan Ordusu tərəfindən azad olunmasından söz açan Baş prokurorun müavini, qısa müddətdə həmin bölgələrdə həyata keçirilən infrastrukturun bərpası ilə bağlı quruculuq işlərinin sürətlə davam etdirildiyini, I və II Qarabağ müharibəsi şəhidlərinin ailələrinə, qazilərə və veteranlara xüsusi dövlət qayğısının göstərildiyini deyib. H. Məmmədov iştirakçılara prokurorluq orqanlarında həyata keçirilən müasir məzmunlu islahatlar barədə məlumat verib.
Prokurorluq orqanları və kütləvi informasiya vasitələri arasında mövcud işgüzar əlaqələrdən bəhs edən Heydər Məmmədov media ilə kommunikasiyanın gücləndirilməsinin zəruriliyi vurğulanıb, zamanın tələbinə uyğun olaraq prokurorluq orqanlarının sosial media fəaliyyətinin gücləndirilməsi istiqamətində mühüm addımlarım atıldığını, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə qurumun fəaliyyəti ilə bağlı aşkarlıq və hesabatlılığın ictimaiyyətə operativ şəkildə çatdırılmasının əhəmiyyətli olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Baş Prokurorluq və Medianın İnkişafı Agentliyi arasında mövcud sıx əməkdaşlıqdan məmnunluğunu bildirərək prokurorluqəməkdaşlarının iştirakı ilə gələcəkdə də dəyirmi masa və görüşlərin təşkilinin əhəmiyyətli olacağını qeyd edib.
Media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac olduğunu qeyd edən Əhməd İsmayılov dövlət qurumları ilə kütləvi informasiya vasitələri arasında kommunikasiyanın modern tələblər səviyyəsinə çatdırılması ilə bağlı kompleks tədbirlər görüldüyünü, prokurorluq orqanlarının bu fəaliyyətdə aktiv iştirak etdiyini nəzərə çatdırıb.
Daha sonra tədbirdə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə “Prokurorluq orqanları ilə kütləvi informasiya vasitələri arasında mövcud münasibətlər və perspektivlər”, Medianın İnkişafı Agentliyinin Hüquq və insan resurslarının idarə edilməsi departamentinin direktoru Rəqsanə Kərimova “İstintaq prosesinin mediada obyektiv işıqlandırılması və balanslı təqdimatı” mövzusunda çıxışlar ediblər.
Tədbir zamanı, həmçinin, Baş Prokurorluq və Medianın İnkişafı Agentliyinin ilk birgə layihəsi olan “Media və Hüquqi Maarifləndirmə” vəsaiti Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov tərəfindən iştirakçılara təqdim edilib.
Daha sonra prokurorluq orqanları ilə media arasında operativ və səmərəli kommunikasiyanın qurulması ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçılar tərəfindən təkliflər səsləndirilməklə, bu məzmunlu tədbirlərin informasiya mübadiləsində mühüm irəliləyişlərə səbəb olacağı qeyd edilib.