Vətən müharibəsinin 2050-dək qazisinə əlillik və sosial ödənişlər təyin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi işlərini davam etdirir.
Nazirlikdən 1news.az-a verilən məlumata görə, həmin qazilərdən 2050-dək şəxsə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunub.
Əlillik təyinatından sonra onlara əlillik dərəcələrinə uyğun olaraq birdəfəlik sığorta ödənişi və elektron sistem üzərindən proaktiv qaydada aylıq sosial ödənişlərin (Prezidentin aylıq təqaüdünün və əlilliyə görə müavinət, yaxud əlilliyə görə əmək pensiyasının) təyinatları həyata keçirilib.
Agentliyin həkim-ekspertlərindən ibarət işçi qrupu və Nazirlər Kabinetinin qərarı ilə yaradılmış komissiyada təmsil olunan digər qurumların nümayəndələri ilə birgə hərbi qulluqçuların ilk növbədə əyani müayinəsi və müvafiq sənədləşdirmə işləri aparılır.
Müdafiə və Ədliyyə nazirliklərinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyaları tərəfindən şəhadətnamələr (xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi məqsədilə) təqdim olunur və tibb müəssisələri tərəfindən göndəriş (forma 88) elektron sistemə daxil edilir. Yekun mərhələ kimi əlilliyin qiymətləndirilməsi aparılır.