Yeni doğulanlara verilən birdəfəlik müavinətin müdəti uzadıldı? - DSMF-dan AÇIQLAMA

Sosial şəbəkələrdə uşaqpulunun verilməsi və ya dövlət tərəfindən təyin edilən birdəfəlik 200 manat müavinətin hər ay veriləcəyi ilə bağlı söz-söhbətlər səngimir.
1news.az xəbər verir ki, 4-cü hakimiyyət olaraq bunun bir şayiə olduğunu və belə bir qərarın qəbul edilmədiyini bilirik. Amma və lakin məsələ ilə bağlı gələn ardı-arası kəsilməyən vətəndaş müraciətlərini nəzərə alıb, Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili ilə əlaqə saxladıq. Yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyən departament müdiri 1news.az-a açıqlamasında dövlət tərəfindən təyin edilən birdəfəlik müavinətin və işləyən valideyinlərə təyin edilən sosial məzuniyyət pulunun alınması qaydalarını təkrar izah etdi:
“İlk öncə deyim ki, sosial təminat sistemi üzrə xidmətlərin elektron texnologiyalar üzərində qurulması işləri çərçivəsində bu müavinətin təyinatı da elektronlaşdırılıb. Belə ki, 2019-cu ilin oktyabrından etibarən uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyin edilməsi hər iki valideyn işləmədikdə proaktiv (elektron) qaydada həyata keçirilir. Bu tarixdən əvvəlki dövrdə anadan olmuş uşaqlar üçün birdəfəlik müavinətin əldə olunması üçün hər iki valideyn işləmədikdə zəruri sənədlərlə ananın qeydiyyatda olduğu ərazi üzrə Dövlət Sosial Müdafiə Fondunun rayon/şəhər filialına, valideyn işlədikdə (hər iki valideyn işlədikdə ananın iş yerinə) isə iş yerinə təqdim olunmalıdır. Valideyn (və ya onlardan biri) işlədikləri halda 1 yanvar 2021-ci il tarixdən sonra anadan olmuş uşaqlara görə sığortaolunanlara (işləyən) uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyinatı proaktiv ( elektron) qaydada həyata keçirilir.Qeyd edək ki, uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği növbəti dəfə və ciddi şəkildə artırılaraq 2019-cu ilin aprelin 1-dən 200 manat müəyyən edilib".
Müsahibim təkrar olaraq həm də işləyən valideyinlərə təyin edilən sosial məzuniyyət pulunun məbləğini açıqladı:
“İşləyən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın 3 yaşı tamam olanadək ona qulluq etmək üçün iş yerindən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir. Bu aylıq müavinətin məbləği 2018-ci ilin martın 1-dən bir yaş yarımadək uşağa qulluğa görə 44 manat, uşağın bir yaş yarımdan üç yaşınadək qulluğa görə isə 28 manat məbləğində müəyyənləşdirilib”.