Xoreoqrafiya Akademiyası və Milli Konservatoriya arasında yaradıcılıq sazişi imzalanıb - FOTO
Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Azərbaycan Milli Konservatoriyasının (AMK) nümayəndə heyəti-Konservatoriyasının rektoru Xalq artisti, professor Səyavuş Kəriminin iştirakı ilə Musiqi tarixi və nəzəriyyəsi fakültəsinin dekanı, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Mirzəyeva Cəmilə, İfaçılıq fakültəsinin dekanı, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Quliyeva Leyla ilə dostluq görüşü keçirilib.
1news.az xəbər verir ki, görüşdə qonaqları BXA-nın Bədii rəhbəri, rektor vəzifəsini müvəqqəti icra edən Əməkdar artisti Nailə Məmmədzadə, Elm və yaradıcılıq işləri üzrə prorektor, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elmira Pənahova, Xarici əlaqələr üzrə prorektor Xalq artisti Təranə Muradova, İncəsənət fakültəsinin dekanı Əməkdar artisti Sənan Hüseynli, orta ixtisas təhsil (kollec) pilləsinin direktoru Tahir Eynullayev, Xalq artisti Yusif Qasımov, Elmi katib Həbibə Məmmədova və Tədris şöbəsinin müdiri Yeganə Tapdıqova qarşılayıblar.
Görüş zamanı AMK-nın rektoru Səyavuş Kərimi mövcud pandemiya şəraitində çətinliklərə baxmayaraq, BXA-da xoreoqrafiya təhsil sistemində həyata keçirilən elmi irəliləyişlərin davamlı olmasını arzulayıb. S.Kərimi BXA ilə əməkdaşlığa və dostluq layihələrinə hazır olduqlarını bildirib.
Akademiyanın Bədii rəhbəri, rektor vəzifəsini müvəqqəti icra edən Nailə Məmmədzadə isə son zamanlar ölkəmizdə xoreoqrafiya və musiqi sahəsinin inkişafından danışıb. O, vurğulayıb ki, mövcud sahənin inkişafı peşəkar kadrlara tələbatı artırıb. BXA və AMK-nın kimi ali təhsil müəssisələri arasında əməkdaşlıq müvafiq istiqamətdə yaradıcılığın daha da yüksəldilməsinə şərait yaradacaq.
Dostluq çərçivəsində keçən görüşdə təhsildə aparılan islahatlarla yanaşı, mövcud problemlərin həlli ətrafında geniş müzakirə, eyni zamanda, qarşılıqlı əməkdaşlıq layihələrinin həyata keçirilməsi əsasında da fikir mübadiləsi edilib.
Daha sonra BXA və AMK-nın rəhbərləri arasında yaradıcılıq sazişi imzalanıb. Sazişə əsasən, hər iki ali təhsil müəssisəsi arasında yaradıcı münasibətin qurulması, qarşılıqlı konsertlərin təşkili, texniki dəstək, yaradıcı görüşlər və təcrübə mübadiləsi nəzərdə tutulub.
Sonda isə qonaqlara BXA tərəfindən suvenir hədiyyələr təqdim edilib, xatirə şəkilləri çəkilib.