Polis ABŞ-a iş vizası düzəltməyə söz verən dələduzu tapa “bilmir”, zərərçəkənlərin siyahısı isə artır

Bakı polisi dələduzluqda təqsirləndirilən Lənkəran rayonunda anadan olmuş vətəndaşın axtarışındə passivlik göstərir. Bu barədə Mikayılov Baba Süleyman oğlunun (1987 -ci il təvəllüdlü) törətdiyi fırıldaqçılıq nəticəsində zərər çəkmiş bir qrup insan məlumat verib.
Azərbaycanın beş vətəndaşını 17.100 manat miqdarında aldatmış şəxs üç ildir istintaqdan yayınmağı bacarır, halbuki fakt üzrə cinayət işi qaldırılıb.
Zərər çəkmiş E.Həsənov, R.Həbibov, S.Şəkərov, Ə.Həsənov və E.Bayramovun sözlərinə görə, Baba Mikayılov 2019-cu ilin mart-aprel aylarında onlara ABŞ-a getmək və orada işə düzəlmək üçün iş vizası rəsmiləşdirməkdə köməklik edəcəyinə söz verib. Nizami rayonu ərazisindəki “777 çay evi”ndə, habelə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində “Park plyus” adlanan ərazidə Mikayılov adıçəkilən şəxslərdən 17.100 manat pul alıb.
Pul verildikdən sonra o, Sabunçu rayonu ərazisində zərərçəkənlərlə daha bir neçə dəfə görüşüb. Mikayılov hər görüşdə rəsmiləşdirmə prosesinin uzanması ilə bağlı müxtəlif səbəblər fikirləşib. O, bu istiqamətdə aktiv iş görüntüsü yaratmaq üçün öz qurbanlarından əlavə sənədlər də toplayıb. Söz verib ki, vizalar çox tezliklə hazır olacaq və Amerikaya yollana biləcəklər, orada işlə təmin olunacaqlar.
E.Həsənov bildirib: “Mikayılov deyirdi ki, ABŞ-da mobil telefonların satışı ilə məşğul olan mağaza var və sözügedən mağaza azərbaycanlı işəgötürənə məxsusdur. O, işdən əlavə, bizi evlə təmin etməyi də öhdəsinə götürüb. Nəhayət anladıq ki, Mikayılovun iş vizalarının rəsmiləşdirilməsilə heç bir əlaqəsi yoxdur. Üstəlik, onun digər insanları da eyni üsulla aldatdığını öyrəndik. Növbəti görüşü gözləyərək biz - beş nəfər pulumuzu qaytarmasını tələb etdik və artıq ona inanmadığımızı dedik. Ancaq o iddia edirdi ki, ona böhtan atırlar”.
Başqa bir maraqlı və gülməli məqam isə zərərçəkənlərə Mikayılovun onları aldatdığını anlamağa kömək etdi. E.Həsənov onunla söhbət zamanı söyləyib ki, bir neçə il əvvəl jurnalist olaraq İrana gedib, oradan onu deportasiya ediblər və bu faktın viza almaq üçün problemə çevrilib -çevrilməyəcəyini soruşub. Əvvəlcə Mikayılov heç bir problem olmayacağını deyərək onu sakitləşdirib. Lakin bir neçə gün sonra o, guya ABŞ-ın Azərbaycandakı səfirliyindən göndərilən məktubu Həsənova verib. Məktubda deyilirdi ki, İrandan deportasiya olunduğuna görə ona iş vizasını verməkdən imtina ediblər.
Yəni fırıldaqçı İranla bağlı məsələdən yararlanaraq “sənədlərin rəsmiləşdirilməsi üzərində fəal iş getdiyini" nümayiş etdirmək və bununla da lüzumsuz get-gələ salmanı əsaslandırmaq üçün istifadə etmək qərarına gəlib. Ancaq Mikayılov gülməli vəziyyətə düşüb, çünki ABŞ və İran arasında düşmənçilik münasibətinin olduğunu bəlkə də təkcə Papua Yeni Qvineyada bilmirlər. ABŞ-a viza verməkdən imtina etmək üçün İrandan deportasiyanı arqument kimi istifadə etmək böyük ağılsızlıq idi.
Bu arada zərər çəkmişlər Mikayılovu hədələyiblər ki, Amerika səfirliyinə sorğu göndərəcəklər və sözügedən sənədin həqiqətən orada rəsmiləşdirilib-rəsmiləşdirilmədiyini öyrənəcəklər. Ancaq Mikayılov onlardan bunu etməmələrini dönə-dönə xahiş edib. Bu görüşdən sonra təqsirləndirilən şəxs zərərçəkmişlərlə əlaqə saxladığı telefonları söndürüb (070-838-65-49; 050-415-12-87; 050-755-09-21).
Bundan sonra zərərçəkmiş şəxslər Sabunçu Rayon Polis İdarəsinə dələduzluqdan kollektiv şikayət ərizəsi veriblər və materiallar 13-cü Polis bölməsinə göndərilib. Amma 2020 -ci ilin oktyabr ayında sözügedən bölmənin müstəntiqi Əşrəf Əlizadə zərərçəkmişlərə məhkəməyə mülki qaydada müraciət etməli olduqlarını deyərək, onlara cinayət işini qaldırmaqla bağlı rədd cavabı verib. Üstəlik, bölmədən bildiriblər ki, Mikayılovdan izahat ala bilmirlər, ona görə də onu dələduzluqda ittiham etmək üçün əsas yoxdur.
Zərərçəkmişlərin vəkili Azər Rəsulov müstəntiqin cinayət işini qaldırmaqdan imtina etməsi qərarından şikayət verib. O bildirib ki, cinayət işinin qaldırılmamasının səbəbi gülməlidir və inandırıcı görünmür. Bununla belə, Mikayılovun faktiki yaşayış yerləri - Əhmədli və Bakıxanov qəsəbələri (məcburi köçkünlər üçün yataqxanada tanışı Əli Əsədovun yanında yaşayıb) məlumdur. Bir sözlə, müdafiə tərəfi şikayətdə Mikayılovun ola biləcəyi bütün ünvanları göstərib.
Vəkil qeyd edib ki, müstəntiq verilən telefon nömrələri ilə onu asanlıqla tapa biləcəyi halda, şübhəli şəxsi axtarmayıb. Müstəntiq ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən verildiyi iddia edilən və işin materialına əlavə edilmiş möhür və imzanın olduğu sənədin etibarlılığını öyrənməyə belə cəhd etməyib, halbuki zərər çəkmişlər müvafiq yoxlamanın aparılmasını istəyiblər. Müstəntiqin qərarında bu sənəd qeyd edilməyib və müvafiq olaraq heç bir qiymət verilməyib.
Vəkil vurğulayıb: “Müstəntiq əsaslı araşdırma aparsaydı, Azərbaycan Cinayət Məcəlləsinin 310, 178.2.2, 178.2.4 və 320.2 -ci maddələri ilə cinayət işi qaldırmaq üçün kifayət qədər material toplayardı. Bundan başqa, müstəntiq zərər çəkmişlərə cinayət işini qaldırmaqdan imtina etməsi barədə məlumat verməyib. Onlar bundan iki ay sonra, istintaqın gedişi ilə maraqlanmaq üçün özləri 13-cü bölməyə müraciət edərkən biliblər”.
2021-ci il fevralın 15-də Sabunçu rayon prokurorunun müavini Qəhrəman Əsgərov 13-cü Polis Bölməsində toplanmış materiallarla tanış olduqdan sonra onları yenidən müstəntiq Əşrəf Əlizadəyə göndərib, çünki nəzarət orqanı tərəfindən aparılan yoxlama zamanı məlum olub ki, təhqiqat qərəzli və yarımçıq aparılıb. Fırıldaqçılıq faktı göz qabağındadır.
Hazırda Baba Mikayılova qarşı dələduzluq faktı üzrə açılan cinayət işi Sabunçu Rayon Polis İdarəsində araşdırılır. Cinayt işinin başlanmasından 3 aya yaxın keçsə də, Mikayılovun polisə gətirilməsi hələ də təmin edilməyib.
“Polis istəsə, bir neçə saat ərzində həmin şəxsi tapar. Digər vaxtlarda daxili işlər orqanları cinayətin üstünün açılması üzrə yüksək göstəricilərlə öyünürlər, amma burada qaldığı yeri və haqqında digər məlumatları məlum olan şəxsi tapa bilmirlər. Polis hərəkətsizlik nümayiş etdirdiyi müddətcə Mikaylov insanları aldatmağa və vətəndaşların külli miqdarda pulunu mənimsəməyə davam edir. Bizə dedilər ki, bu il şəhid ailəsinin bir üzvünü də eyni üsulla aldadıb. Polisdən Baba Mikayılovu tez bir zamanda tapmasını və pulumuzun qaytarılmasını təmin etməsini tələb edirik”,- deyə şikayətçilərdən biri qeyd edib.
Bu arada, Sabunçu Rayon Polis İdarəsinin müstəntiqi Yusif Məmmədov M.Mikayılova qarşı dələduzluq faktı ilə bağlı cinayət işinin qaldırıldığını təsdiqləyib və əlavə edib ki, o, cinayət işi üzrə rəsmi axtarışa verilib. Müstəntiqin sözlərinə görə, 13-cü polis bölməsinin əməliyyatçılarında onun olduğu yer barədə artıq məlumat var, lakin istintaqın marağına uyğun olaraq bu məlumat hələlik açıqlanmır. Qeyd edək ki şübhəli Azərbaycanın daxilindədir və onun ölkədən çıxışına qadağa qoyulub.
Hüquq-mühafizə orqanının əməkdaşının sözlərinə görə, Mikayılovdan şikayət edən tək bu beş nəfər deyil. İş üzrə daha bir neçə zərər çəkən var. Üstəlik, Mikayılovun bir vaxtlar qanunla bağlı problemləri olub və dələduzluğa görə cinayət məsuliyyətinə cəlb olunub.




1news.az