Polis qaziləri döyüb? - DİN-dən qazilərin ittihamına CAVAB
“Şəhidlər, qazilər bizim baş tacımızdır. Şəhidlərin ruhuna hörmət, qazilərin həyat və sağlamlığına qayğı hər birimizin müqəddəs borcudur”.
Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
DİN rəsmisi qeyd edib ki, bu gün bir qrup qazi Bakı Elektrik Şəbəkəsinin balansında olan 110 kV-luq Yüksək Gərginlikli hava xəttinin mühafizə zonasında zəbt olunan torpaq sahəsi ilə bağlı yaranan mübahisəyə görə Nərimanov RPİ 17-ci Polis Şöbəsinə dəvət olunublar:
“Dəvətə səbəb mübahisə predmetinə çevrilən halla bağlı onlarla profilaktik, izahedici söhbətlərin aparılması olub. Zəbt olunan torpaq sahəsinin insan həyatı üçün təhlükəli vəziyyətini bilərəkdən mahiyyətindən yayındıraraq onlar polis tərəfindən təzyiqə, zorakılığa məruz qalmalarını iddia ediblər. Vətən yolunda sağlamlığını itirən o qazilərin söylədikləri, hansısa sosial şəbəkə seqmentlərində “polis bizi döydü”, - deyə səsləndirilməsi ağır ittihamdır.
Deyilənləri, yazılanları ürək ağrısı ilə qarşılayırıq. Halbuki onlara mövcud vəziyyət, ərazinin yüksək gərginlikli hava xəttinin mühafizə zonası olması bildirilib. Onlar deyilənlərin əksinə olaraq, polis şöbəsində qeyzlənərək hay-küy yaradıb, əvvəlcədən razılaşdırılan bəzi internet televiziyalara polis haqqında neqativ fikirlər bildiriblər.
Bir daha onların diqqətinə çatdırırıq ki, bu hərəkətlər qanunsuzdur. Çünki öldürücü elektrik xəttlərinin altında işləmək, yaşamaq həyat üçün təhlükəlidir”.