200 azərbaycanlı xaricdə təhsil hüququ qazanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

200 azərbaycanlı xaricdə təhsil hüququ qazanıb

Qafar Ağayev17:31 - 29 / 10 / 2021
200 azərbaycanlı xaricdə təhsil hüququ qazanıb

Hökumətlərarası təqaüd proqramları (HTP) çərçivəsində 2021-2022-ci tədris ili üzrə ümumilikdə 200 azərbaycanlı dünyanın 6 müxtəlif ölkəsində 41 nüfuzlu ali təhsil müəssisəsində müxtəlif ixtisas istiqamətləri üzrə təhsil almaq hüququ qazanıb.

Təhsil Nazirliyindən 1news.az-a bildirilib ki, HTP çərçivəsində xaricdə təhsil almaq hüququ qazanmış tələbələrin 148-i Macarıstan, 21-i Çin, 10-u Latviya, 15-i Türkiyə (YTB xətti ilə doktorantura), 3-ü Rumıniya və 3-ü Rusiya üzrədir. 36 nəfər doktorantura, 143 nəfər magistratura, 21 nəfər isə bakalavriat səviyyələrində təhsil almaq hüququ qazanıb.

Tələbələrin qəbul aldığı universitetlər sırasında Budapeşt Texnologiya və İqtisadiyyat, Budapeştin Korvinus, Riqa Texniki, İstanbul universitetləri, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu üstünlük təşkil edir.

Qeyd edək ki, HTP çərçivəsində təhsil alacaq təqaüdçülərdən biri dünya universitetlərinin beynəlxalq reytinq cədvəlində 28-ci sırada olan Sinxua Universitetinə (Çin Xalq Respublikası) qəbul olub.

Azərbaycan Respublikasının imzaladığı hökumətlərarası müqavilələrə uyğun olaraq bəzi ölkələr (Macarıstan, Çin, Qazaxıstan, Rumıniya, Tacikistan, Latviya və s.) hər il Azərbaycan vətəndaşları üçün təqaüd yerləri ayırır. Sözügedən təqaüd proqramlarına dair elanlar Təhsil Nazirliyinin saytı vasitəsilə mütəmadi olaraq ictimaiyyətə təqdim edilir.

Paylaş:
414

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər