Könül Nurullayeva: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi nüfuzlu intellektual platformaya çevrilib”

Prezident İlham Əliyevin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Bakı Qlobal Forumu artıq 8-ci dəfədir ki, ölkəmizdə keçirilir. Kifayət qədər nüfuza malik olan Bakı Qlobal Forumuna maraq ilbəil artır.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi isə inkişaf yolu keçərək, regionda və dünyadakı dəyişikliklərə çevik reaksiya verərək, mühüm məsələlərin müzakirə olunduğu intellektual dairələri birləşdirən beynəlxalq platformaya çevrilib. Əvvəlki forumlarda olduğu kimi, budəfəki forumda da dünya ictimaiyyətinin gündəliyində olan təxirəsalınmaz məsələlər müzakirə olunur - “Dünya COVID-19-dan sonra”. Foruma məhz Bakının ev sahibliyi etməsini şərtləndirən amillərə gəlincə, burada ilk növbədə Prezident İlham Əliyevin həyata keçirdiyi fəal praqmatik siyasət, dünya miqyasında nüfuzlu siyasətçi imici, liderlik xüsusiyyətlərini qeyd etməliyik. Azərbaycanın artan beynəlxalq nüfuzu, beynəlxalq məsələlərin tənzimlənməsində mühüm yeri və rolu, ölkəmizin ən çətin anlarda, o cümlədən Vətən müharibəsi dövründə dünyaya nümunə olan ləyaqətli davranışı, eləcə də peyvənd millətçiliyinə qarşı ən çox mübarizə aparan, pandemiyanın qarşısının alınması üçün real iş görən ölkələrdən biri kimi tanınması və qəbul edilməsi də bunu şərtləndirən amillərdəndir.
Xatırlatmaq yerinə düşər ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2021-ci il mayın 20-də “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda ilk dəfə beynəlxalq diskussiya keçirməsi ilə bölgədə dialoq və inkişaf üçün ciddi səylər göstərdi, əhəmiyyətli platforma rolu oynadığını təsdiqlədi.
8-ci Bakı Qlobal Forumu da maraqlı və aktual məsələlərin müzakirəsi ilə davam edir. Tədbir iştirakçılarına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Böyük Britaniyanın Baş naziri Boris Consonun müraciəti, foruma 300-dən çox yüksək səviyyəli nümayəndənin, intellektual dairənin qatılması bunu bir daha təsdiqlədi. Dünya pandemiyadan sonra dövlətlərin ata biləcəyi addımlar barədə, COVİD-in vurduğu zərərlərin aradan qaldırılması istiqamətində düşünür. Belə vacib məsələlərin müzakirəsi üçün Bakının seçilməsi isə təbii ki, təsadüfi deyil. Çünki 8-ci Bakı Qlobal Forumunda da qeyd olunduğu kimi, Azərbaycan COVİD-19 pandemiyası ilə mübarizədə dünyaya pozitiv nümunə təqdim edir. Bu gün Azərbaycan vaksinasiya kampaniyasına başlayan ilk ölkələr sırasındadır, 18 yaşdan yuxarı ölkə əhalisinin 60 faizi artıq iki doza vaksinasiya olunub, bu da dünyada ən yaxşı göstəricilərdən biridir. Forumda da qeyd olunduğu kimi, Azərbaycan beynəlxalq səviyyədə pandemiya ilə mübarizəyə töhfə verir, ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində yardım ayırıb, 30-dan artıq ölkəyə yardım göstərib.
Prezident İlham Əliyevin forumun açılışında çıxışı zamanı diqqət yönəltdiyi əsas məqamlardan biri də təbii ki, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması, Azərbaycanın BMT qətnamələrini özünün icra etməsi oldu. 2020-ci ilin payızına qədər bütün beynəlxalq platformalarda Azərbaycan dünyanın diqqətini işğala yönəldir, regionda sülh və təhlükəsizliyin bərpası istiqamətində real addımların atılmasının vacibliyini qeyd edirdi. Böyük qələbədən sonra isə artıq bütün beynəlxalq platformalarda, o cümlədən Bakı Qlobal Forumunda əsas müzakirə mövzusu Azərbaycanın Cənubi Qafqaz regionunda yaratdığı yeni reallıqlardır.
Ötən gün işə başlayan Bakı Qlobal Forumunda çıxışı zamanı dövlət başçımız bəyan etdi ki, biz öz gücümüzə ərazi bütövlüyümüzü bərpa etməsəydik, beynəlxalq ictimaiyyətin laqeyd münasibəti şəraitində bu münaqişə hələ uzun illər həllini tapmamış qalacaqdı. Bu gün isə yeni reallıqlar fonunda Azərbaycan gələcəyə baxır. İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri aparılır, tezliklə vətəndaşlarımızın öz doğma torpaqlarına qayıtmaları üçün kompleks tədbirlər həyata keçirilir. Qarabağın və Şərqi Zəngəzurun yeni siması dağıdıcı Ermənistan və qurucu Azərbaycan arasında fərqi daha aydın görməyə imkan yaradır.
Bu gün Azərbaycan postmünaqişə dövründə konstruktiv təkliflərlə, sülh təşəbbüsləri ilə çıxış edir. İşğal siyasəti səbəbindən inkişafdan kənarda qalan Ermənistanın indi vaxt itirmək şansı da artıq yoxdur. Qarşıdan gələn dövrdə Ermənistan üçün yeganə çıxış yolu yalnız regional inteqrasiyadır. Bu reallıq zəngin gündəliyə malik olan Bakı Qlobal Forumu çərçivəsində keçirilən panel iclaslarda bir daha müzakirə olunur. Yəni, VIII Bakı Qlobal Forumu post-COVİD dövründə dünya miqyasında keçirilən ilk qlobal tədbirlərdən biridir və bütün dünyanın diqqəti hazırda bu platformaya, burada müzakirə olunan məsələlərə yönəlib.
Könül Nurullayeva,
Milli Məclisin deputatı