“Çıraqqala”da aparılan bərpa-konservasiya işləri bu ilin sonuna kimi yekunlaşacaq
2019-cu ildən “Çıraqqala” abidəsində aparılan bərpa-konservasiya işlərinin bu ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli məlumat verib.
Onun sözlərinə görə, tarixi abidələrin bərpası istiqamətində atılan addımlar davam etdirilir, növbəti ildə də bir sıra tarixi abidənin bərpası nəzərdə tutulur.
"Eyni zamanda, qeyd etmək istəyirik ki, bərpa-konservasiya işləri ilə yanaşı, tarixi abidələrin qorunması baxımından önəmli işlərdən olan tarixi abidələrin pasport və mühafizə zonalarının hazırlanması istiqamətində də vacib addımlar atılıb. Bu il 110 tarix-mədəniyyət abidəsinin pasportu hazırlanaraq təsdiq edilib. Son illər pasportları hazırlanan tarixi abidələrin sayı isə ümumilikdə 368-dir. 243 abidənin isə mühafizə zonaları müəyyənləşdirilərək təsdiq edilib. Cari il üçün pasportlaşma üzrə 155, mühafizə zonalarının müəyyənləşdirilməsi üzrə isə 108 layihənin hazırlanması nəzərdə tutulur" - deyə, qurum rəsmisi bildirib.
Fariz Hüseynli onu da əlavə edib ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən 2020-ci ilin noyabr ayından başlayaraq işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix və mədəniyyət abidələrinin monitorinqi həyata keçirilir. Əməkdaşlar tərəfindən işğalçı Ermənistan Respublikası tərəfindən mədəni irs nümunələrimizə qarşı həyata keçirilmiş dağıntı, vandallıq və mənimsəmə faktları toplanaraq səndələşdirilir.