Səfir Polad Bülbüloğlu Maqomedali Maqomedova və Murad Kajlayevə ali mükafatları təqdim edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Rusiya Federasiyasının Dağıstan Respublikasının uzun illər rəhbəri olmuş, ümummilli lider Heydər Əliyevlə birgə çalışmış, Azərbaycana yüksək ehtiram bəsləyən Maqomedali Maqomedov “Dostluq” ordeni və SSRİ Xalq artisti, görkəmli bəstəkar və dirijor, uşaqlıq və gənclik illəri Azərbaycanda keçmiş Murad Kajlayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər.
Azərbaycanın Rusiyadakı səfirliyindən bildiriblər ki, bununla bağlı, noyabrın 12-də səfir Polad Bülbüloğlu Rusiya Federasiyasının Dağıstan Respublikasına səfər edib, Dağıstanın rəhbəri Sergey Melikov, Maqomedali Maqomedov və Murad Kajlayevlə görüşüb.
S.Melikovla görüş zamanı Azərbaycan ilə Dağıstan arasında əməkdaşlıq münasibətlərinin perspektivləri, eləcə də Yaraq-Qazmalar (Rusiya Federasiyası) – Samur (Azərbaycan Respublikası) dövlət sərhəd keçid məntəqəsi ərazisində mövcud vəziyyət müzakirə olunub.
Polad Bülbüloğlu Dağıstanın rəhbərini ölkəmizə səfərə dəvət edib. M.Maqomedovla görüşdə Azərbaycanın səfiri ali mükafatı sahibinə təqdim edib, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərini qeyd edərək, ona Prezident İlham Əliyevin təbriklərini çatdırıb.
M.Maqomedov xalqımız, ümummilli lider Heydər Əliyev haqqında yüksək fikirlər söyləyərək, onunla birgə çalışdığı illəri xatırlayıb, Azərbaycanın 1990-cı illərdə üzləşdiyi çətinlikləri yada salaraq qeyd edib ki, məhz ulu öndər Heydər Əliyev ölkəmizi düşdüyü ağır vəziyyətdən çıxarıb və Azərbaycan inkişaf yoluna qədəm qoyub. Hazırda bu yolun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb.
M.Maqomedov göstərilmiş yüksək diqqətə görə dövlət başçımıza dərin təşəkkürünü bildirib.
M.Kajlayevə fəxri diplomun təqdimetmə mərasimi “Xüsusi istedadlı uşaqlar üçün M.Kajlayev adına Respublika İncəsənət Məktəbi”ndə keçirilib. Məktəb xorunun ifasında öncə Azərbaycan, Rusiya və Dağıstanın himnləri səslənib. Daha sonra isə Polad Bülbüloğlunun “Eşq və ölüm” baletindən musiqi parçaları, eləcə də Tofiq Quliyevin Bakı haqqında mahnısı ifa olunub.
Səfir Prezident İlham Əliyevin Murad Kajlayevə ünvanlanmış təbrik məktubunu oxuyub və Prezidentin yubilyara xoş arzularını çatdırıb. Öz növbəsində M.Kajlayev Prezidentimizin ünvanına xoş sözlər səsləndirərək, ona dərin təşəkkürünü bildirib, Bakı ilə bağlı xatirələrini bölüşüb. Bundan əlavə, bəstəkar şəxsi arxivindən vaxtilə rəhbərlik etdiyi orkestrin “akademik” statusu alması ilə bağlı ümummilli lider Heydər Əliyevin ona ünvanladığı 1993-cü ilə aid təbrik məktubunu Polad Bülbüloğluna təqdim edib. Səfir məktubu Heydər Əliyev Fonduna təqdim edəcəyini bildirib.
M.Maqomedov və M.Kajlayev ilə keçirilmiş görüşlərdə Dağıstanın rəhbəri Sergey Melikov da iştirak edib.



