Bakıda mülki geyimli polislər maskadan istifadə etməyənlərə qarşı reydlər keçirib - VİDEO
Bakı şəhərində polis əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması məqsədi ilə genişmiqyaslı nəzarət-profilaktik tədbirlər həyata keçirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, polis mülki geyimdə avtobuslarda və metroda gücləndirilmiş nəzarət-profilaktik tədbirlərini davam etdirir. Maskalardan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub. Maskadan istifadə etməyən sürücü və sərnişinlər avtobuslardan düşürülüb onlar barəsində qanunauyğun tədbir görülüb. Analoji tədbirlər paytaxtın demək olar ki, bütün rayonlarında həyata keçirilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunur.
Vətəndaşlara müraciət edərək bildiririk ki, koronavirusun yayılmasına imkan verməmək üçün karantin rejimi qaydalarına əməl etsinlər, özlərinin və digər şəxslərin sağlamlıqlarına biganə yanaşmasınlar.