Agentlik sədri: “Hazırda Azərbaycana 60-dan çox ölkə vətəndaşı səfər edə bilər”
Təhlükəsiz səyahətlərin təmini əsas prioritetimizdir.
1news.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev İspaniyanın Madrid şəhərində BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Assambleyasının 24-cü sessiyasında çıxış edərkən qeyd edib.
Fuad Nağıyev son 2 ildə bütün üzv dövlətlərin və dünya turizminin çətinliklərlə qarşılaşdığını, lakin 2021-ci ilin ortalarından etibarən səyahət məhdudiyyətlərinin qaldırılması ilə sektorun tədricən bərpasının müşahidə edildiyini bildirib.
Agentlik sədri Azərbaycanın 60-dan çox ölkə ilə hava sərhədinin açıq olmasını və həmin ölkə vətəndaşlarının və rezidentlərinin müəyyən olunmuş şərtlərlə səfərinin mümkünlüyünü diqqətə çatdıraraq Azərbaycanda turizm sənayesi nümayəndələrinin tam peyvənd olunduğunu vurğulayıb.
Fuad Nağıyev pandemiyadan sonrakı bərpa prosesinin daha çox məsuliyyətlilik, qətiyyət və həmrəylik tələb etdiyini bildirib.
Tədbirdə Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov da iştirak edib.
Dekabrın 3-dək davam edəcək Baş Assambleyanın 24-cü sessiyasında postpandemiya dövründə inklüziv və dayanıqlı turizmə nail olmaq, eləcə də turizmin bərpası və canlanması üçün zəruri tədbirlər, turizm təhsili və kənd turizminin inkişafı istiqamətində birgə təşəbbüslər müzakirə olunur.
Həmçinin Baş Assambelya çərçivəsində 2021-ci ilin əvvəlində İcraiyyə Şurasının tövsiyəsi əsasında təşkilatın Baş Katibi vəzifəsinə namizədliyi irəli sürülən hazırkı Baş Katib Zurab Pololikaşvilinin namizədliliyi növbəti 4 il müddətinə təsdiq olunub.
Qeyd edək ki, Baş Assambleyanın 24-cü sessiyasında təşkilata üzv dövlətlərdən 84 nazir və nazir müavini olmaqla 135 ölkəni təmsil edən 1000-dən çox nümayəndə, o cümlədən beynəlxalq təşkilat və özəl sektor təmsilçiləri iştirak edirlər.