Çayçı işləyirdim, Vidadi Muradov məni “Azər-İlmə”yə direktor təyin etdi - Məhkəmə | 1news.az | Xəbərlər
Cəmiyyət

Çayçı işləyirdim, Vidadi Muradov məni “Azər-İlmə”yə direktor təyin etdi - Məhkəmə

S.Xankişiyeva14:31 - 09 / 12 / 2021
Çayçı işləyirdim, Vidadi Muradov məni “Azər-İlmə”yə direktor təyin etdi - Məhkəmə

"Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, həbs edildikdən bir müddət sonra ev dustaqlığında vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda şahid ifadələri dinlənilib.

Şahid qismində ilk olaraq "Azər-İlmə" MMC-nin direktoru işləyən Xəqani Talıbov ifadə verib. Şahidin ifadəsi zamanı məlum olub ki, o, direktor olana qədər şirkətdə çayçı işləyib: "Vidadi Muradov ilə qohum deyiləm, amma qohumdan yaxın, can-ciyər idik. Buna görə də kömək etdi direktor oldum. Vidadi Muradovun oğlu Aydın Muradov da mənim müavinimdir".

Şahidin ifadəsinə münasibət bildirən dövlət ittihamçısı onun təhsil dərəcəsini və nəyə görə Vidadi Muradov oğlunu yox, onu direktor təyin etdiyini soruşub:

"Hər hansı bir universitet bitirməmişəm, orta təhsilim var. Dediyim ki, mərhumla can-ciyər idik, ona görə də məni direktor təyin etdi. Hazırda da direktor işləyirəm. Möhtərəm hakim, inşallah, işə xitam verilsin yığışıb bir çay içərik".

Daha sonra şahid qismində özəl şirkətlərin birində icraçı direktor işləyən Yaşar Ələkbərov ifadə verib. Şahid bildirib ki, Vidadi Muradovun Həsən Əliyev küçəsində yerləşən evində də təmir işləri aparıblar. Həmin təmir zamanı da 800 min manatdan artıq vəsait xərclənib: "2018-ci ildə "Azərxalça"nın inşaat işlərində iş aparmaq üçün təkliflərimizi verdik. Bununla bağlı tender də keçirilməmişdi.

ASC- ilə müqaviləni də mən bağlamışam. Bundan sonra 13 müəssisədə aparılan işlərdə icraçı direktor olmuşam. İstintaq zamanı verdiyim ifadəni də təsdiq edirəm. İş həcmində olan çatışmazlıqlarla da razı deyiləm".

Məhkəmədə prokuror şahidin ifadəsinə etiraz edərək hazırkı ifadəsi ilə əvvəlki ifadələri arasında ziddiyyətlər olduğunu deyib:

"Deyirsiz, mənimsəmə olmayıb, bu necə olur ki yazmısız ki, Şabranda yerləşən şirkətlərin birinə iki nasos quraşdırılıb, amma faktiki olaraq orda nasoslar yoxdur".

Bundan sonra ifadə verən müəssisə direktoru istintaq zamanı verdiyi ifadənin əsas götürülməsini xahiş edib. Şahid qeyd edib ki, sadəcə olaraq, baş podratçı müqaviləsində aparılan işlərin sifarişçi ilə razılaşdırılmaqla görülməsi göstərilib.

Dövlət ittihamçısı şahidə sual verərkən ondan istintaq zamanı "Vidadi Muradovun qanunsuz sifarişləri olurdu" ifadəsinə aydınlıq gətirməsini istəyib. Şahid bildirib ki, bütün işlər baxıldıqdan sonra görülüb, Vidadi Muradov ilə hər hansı pul bölünməsi olmayıb.

Daha sonra özəl şirkətlərdən birində direktoru işləyən Vüqar Yusifov ifadə verib.

Şahid bildirib ki, V. Muradov tərəfindən şirkətə əlavə işlər də gördürülüb. Hazırda da 973 min manatlıq iş aparılır.

"Azərxalça" ASC-də baş mühasib işləyən Fuad Eminov da istintaqa verdiyi ifadəni təsdiq etdiyini deyib: "Əvvəlki ifadəmi təsdiq edirəm. Mən satınalma işləri ilə maraqlanmamışam. Hazır sənədlər gəlirdi məndə hazırlayıb pulu köçürürdüm.

Prosesdə ifadə verən qurumun dizayneri də istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirib ki, o, sadəcə yaradıcılıq işləri ilə məşğul olub.

Proses dekabrın 15-də davam etdiriləcək.

Qeyd edək ki, qanuna görə, cinayət törətməkdə təqsirləndirilən şəxsin ölməsi cinayət təqibini istisna edən hallardan biri sayılır.

Qanun əsasən, həbsdə vəfat edən şəxsin cinayət işi üzrə yaxınlarından bir nəfər hüquqi varis kimi tanınır. Vəfat edən şəxs özünü təqsirli bilməyibsə, təyin olunan hüquqi varis onun əvəzinə məhkəmədə iştirak edir. Məhkəmə vəfat edən şəxsin təqsirini sübuta yetirsə, ona cəza təyin olunur, lakin təqsirləndirilən şəxsin ölümü ilə bağlı cinayət işinə xitam verilir. Məhkəmədə təqsirləndirilən şəxsin cinayət əməli sübut olunmasa, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul olunur.

Xatırladaq ki, rəsmi məlumata görə, Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq tədbirləri ilə Vidadi Muradovun qeyd olunan vəzifədə işləyərkən 9 dekabr 2016-cı il tarixdən 31 dekabr 2019-cu il tarixədək olan müddətdə digər şəxslərlə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus xalça istehsalı üçün nəzərdə tutulan ipin formal müqavilələrin bağlanması yolu ilə alqı-satqısı məqsədilə bir neçə hüquqi şəxsə məxsus bank hesablarına ümumilikdə 3 milyon 435 min manat məbləğdə pul vəsaitinin köçürülməsinə və həmin məbləğin 1 milyon 149 min manat olan hissəsinin nağdlaşdırılmaqla mənimsəməsinə, hərəkətləri ilə cəmiyyətin qanunla qorunan əmlak və sair hüquqlarına, habelə qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə, eləcə də rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranıb.

Bundan başqa, Vidadi Muradovun 20 dekabr 2017-ci il tarixdən 18 fevral 2019-cu il tarixədək olan müddətdə cəmiyyətə məxsus müxtəlif ölçülü xalçaları təsisçisi olduğu “Azər-İlmə” MMC-yə ucuz qiymətə satılmasına nail olmaqla 339 427 manat məbləğində əmlakı mənimsəyərək “Azərxalça” ASC-nin qanuni mənafelərinə təkrarən mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.

Habelə Vidadi Muradovun 28 mart 2019-cu il tarixdə xarici bazarlarda 800 min ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1 milyon 360 min manat təşkil edən yun təmizləmə xəttinin alınmasının mümkün olmasına və həmin alqı-satqının rəhbəri olduğu Cəmiyyət üçün maddi baxımdan daha səmərəli olmasına baxmayaraq, istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus olan əmlakı israf etməklə talamaq məqsədilə Cəmiyyət üçün maddi cəhətdən daha ağır şərtlərlə, Almaniya Federativ Respublikası ərazisində fəaliyyət göstərən şirkətlərdən biri ilə dəyəri 5 milyon 314 min avro (və ya 10 milyon 167 min manat) təşkil edən podrat müqaviləsini bağlayıb, müqavilənin tərkib hissəsi kimi yun təmizləmə xəttinin alınması üçün 1 milyon 800 min avro (və ya 3 milyon 444 min manat) məbləğində pulun “Azərxalça” ASC-nin bank hesabından şirkətin bank hesabına ödənilməsinə nail olmaqla, “Azərxalça” ASC-yə məxsus cəmi 2 milyon 84 min manat məbləğində əmlakı israf etməsinə, həmin hərəkətləri ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.

9 yanvar 2021-ci il tarixdə Muradov Vidadi Aydın oğluna CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Hazırda “Azərxalça” ASC-nin vəzifəli şəxsləri tərəfindən törədilmiş digər cinayətlərdə hər hansı formada iştirak etmiş şəxslərin müəyyənləşdirilməsi, habelə Cəmiyyətə dəymiş maddi ziyanın ödənilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Onkoloji xəstəliyi ilə əlaqədar müalicə olunan V. Muradov barədə məhkəmə tərəfindən humanist qərar qəbul edilib və barəsindəki həbs qətimkan tədbiri dəyişdirilərək müalicəsinə şərait yaradılıb.

V.Muradov noyabrın 5-də vəfat edib.

Paylaş:
502

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər