Cəmşid Naxçıvanski adına Hərbi Liseyə mediatur təşkil olunub - FOTO
Müdafiə Nazirliyini xətti ilə 12 dekabr ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Cəmşid Naxçıvanski adına Hərbi Liseyə mediatur təşkil edilib.
1news.az-ın əməkdaşının da iştirak etdiyi mediaturda ilk olaraq ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, əklil qoyulub. .
Müdafiə Nazirliyinin rəsmisi, general-mayor Bəkir Orucov jurnalistlərə açıqlamasında bildirib ki, Cəmşid Naxçıvanski adına hərbi lisey ümummilli lider Heydər Əliyevin təşəbbüsü yaranıb.
“Yalnız Heydər Əliyev nə vaxtsa SSRİ-nin parçalanacağını, müstəqil Azərbaycana sərhədlərini, ərazi bütövlüyünün qorumaq üçün ordu lazım olacağını proqnozlaşdıra bilərdi. Bu liseyin yaradılmasına SSRİ rəhbərlyi imkan vermirdi. Bildirilirdi ki, SSRİ-nin müxtəlif şəhərlərində belə hərbi məktəblər var. Ancaq Heydər Əliyev bütün bu çətinliklərə sinə gərdi və 1971-ci ildə bu hərbi liseyin yaradılmasına nail oldu. Azərbaycan müstəqilliyini qazanan zaman Vətənin ağır günlərində SSRİ-nin müxtəlif şəhərlərində xidmət edən bu liseyin məzunları ölkəyə qayıtdılar və Ordu quruculuğunda, Vətənin müdafiəsində yaxından iştirak etdilər. Bu liseyin böyük döyüş yolu var, 20-dən çox general, bir admiral yetişdirib. 11 Milli Qəhrəman və Vətən müharibəsində 18 Vətən Müharibəsi Qəhrəmanımız olub, liseyin yüzlərlə məzunu ən ali orden və medallarla təltif edilib”.
General, 44 günlük Vətən müharibəsində qələbəmizi şərtləndirən bir neçə amil olduğunu vurğulayıb:
“Birinci amil Ali Baş Komandan İlham Əliyevin Ordumuza rəhbərliyidir. Ali Baş Komandan qətiyyət, möhkəm iradə sərgilədi. Eyni zamana bu liseyin yetişdirmələri olan zabitlər, generallar əsgərlərimizlə uğurlu döyüş əməliyyatlarını həyata keçirdilər. Allah şəhidlərimizə rəhmət etsin. Şəhidlərimizin sırasında əsgər, gizir və zabitlər var. Demək olar ki, zabitlərlə şəhid olan əsgərlərimizin sayı bərabərdir. Çünki zabitlərimiz, polkovniklərimiz, generallarımız özləri belə döyüşləri atılmışdılar. Bunların nəticəsində bu Zəfər əldə edildi. 1992-1993-cü illərdə ayaqyalın, başıaçıq öz doğma yurdlarından köçkün düşmüş o uşaqları bu liseydə müəllimlərimiz yetişdirdi və bu günləri onlar general, polkovnik rütbəsində Şuşanı işğaldan azad edənlər sırasındadırlar. Bu gün o generallar, polkovniklər, kapitanlar, bu liseyin yetişdirdiyi kadrlar Vətən müharibəsi qəhrəmanlarıdırlar”.
Sonra jurnalistlər hərbi liseyin tədris korpusları, tibb məntəqəsi, idman kompleksi,üzgüçülük hovuzu, eləcə də kursant yataqxanası, yeməkxana və digər inzibati binalarda olublar
Hərbi liseyin 2-ci kurs tələbəsi Ağamaliyev Natiq bildirib ki, boş vaxtlarda kitabxanaya gedirlər.
“Boş vaxtlarımızda burada müxtəlif kitablar oxuyuruq. Öz zehin gücümüzü, dünya görüşümüzü artırırıq. Burada bizim üçün çox gözəl şərait yaradılıb. İstənilən janrda, dünyanın tanınmış yazarlarının kitablarını tapmaq mümkündür”.
Kursant Səməd Əliyev bildirib ki, liseyə daxil olmağının əsas səbəblərindən biri peşəkar zabit olmaqdır.
“4-cü sinifdə zabitləri televizorda görmüşdüm, 7-ci sinifdə daha da çox maraqlandım. 9-cu sinfi bitirib Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil oldum. Burada istirahət vaxtlarında ideoloji otaqda, tədris vaxtı tədris otağında, yemək vaxtı yeməkxanada oluruq. İdeoloji otaqda dama, şahmat və s. kimi müxtəlif stolüstü oyunlar oynayır, hərbi jurnalları, qəzetləri mütaliə edirik,müəyyən edilmiş vaxtlarda televiziyada xəbər və verilişlərə baxırıq. Hər bir zabitin sağlam və güclü olması üçün təmiz və yeni məhsullardan qidalanması lazımdır. Yeməkxana bunu bizə təmin edir. Evdə bişirilən yeməklərlə burada bişirilən yeməklər arasında fərq yoxdur. Mən burada təhsil aldığıma görə fəxr edirəm”.
Liseyin idman müəllimi Kamil Allahverdiyev bildirib ki, burada təhsil alan kursantlar gündəlik idman dərslərinə gəlirlər.
“Bundan əlavə, liseyimizdə idman dərnəkləri də fəaliyyət göstərir. Kursantlarımız idman dərslərinə gəlirlər, günortadan sonra isə, saat 16:00-dan 17:15-ə qədər yazıldıqları dərnəklərdə iştirak edirlər. Burada idmanım müxtəlif növləri üzrə dərnəklər var. Bundan başqa bölüklər arasında lisey daxili yarışlar keçirilir. Hal-hazırda bizdə bölüklər arası voleybol yarışı başlayıb” .
Tibb xidməti baş leytenantı Sevinc Abbasova deyib ki, Silahlı qüvvələrin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində 2019-cu ildə yeni inşa edilmiş ikimərtəbəli tibb məntəqəsi istifadəyə verildi.
“Tibb məntəqəmizin yuxarı mərtəbəsi ambulator kimi fəaliyyət göstərir, burada həkim otaqları,prosedur otağı, sarğı otağı, laboratoriya, sterilizasiya otağı, aptekdən ibarətdir.Aşağı mərtəbimiz stasionar fəaliyyət göstərir, palatalar, yeməkxana, prosedur və həkim otaqları ilə təmin olunub. Özünü pis hiss edən kursantların qəbulu, müayinə və müalicəsi tibb məntəqəmizdə müasir standartlara uyğun aparılır”.
Liseyin 1-ci kurs kursantı Röyal İsmayılzadə deyib ki, dərsləri linqafon siniflərində gedir.
“Dərslər yüksək səviyyədə keçirilir. Müəllimlərimiz bizə bütün köməklikləri edirlər. Hal-hazırda ingilis dilində mətnlər üzərində iş gedir.Kitabda verilmiş mətnləri kompüter vasitəsilə icra edirik. Sinif otaqlarımız müasir texnologiyalarla təmin olunub”.