Moped sürənlərin nəzərinə - Qaydalar dəyişir - VİDEO

Bir neçə qurumun təklifləri əsasında "yol hərəkəti haqqında" qanun layihəsi hazırlanıb. Layihədə moped, skuter, hətta velosiped idarə edənlərin də imtahan verərək sürücülük vəsiqəsi almaları nəzərdə tutulub. Artıq qanun layihəsi nazirlər kabinetinə təqdim edilib.
Avtomobillərin sıx hərəkət etdiyi yolda moped sürücüsü qaydaları kobud şəkildə pozaraq digərləri üçün təhlükəli vəziyyət yaradır.
Moped idarə edən digər şəxs isə əlindəki mobil telefona baxdığından fikri yayınaraq yolda dayanan avtomobilə çırpılır.
Müşahidə kameralarına düşən bu görüntülərə əsasən bəzi moped sürücülərinin yol hərəkəti qaydalarına əməl etmədiyini söyləmək olar. Nəticədə digər hərəkət iştirakçılarının həyatı təhlükə altına düşür.
Daxili İşlər Nazirliyi, Bakı Nəqliyyat Agentliyi və digər qurumların təklifləri əsasında hazırlanmış "Yol hərəkəti haqqında" qanun layihəsində moped, skuter və velosiped idarə edənlərin də sürücülük vəsiqəsi almaları nəzərdə tutulub.
Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərlinin sözlərinə görə mövcud qanunvericiliyin tələblərinə əsasən yol-patrul xidmətinin əməkdaşları tərəfindən yollarda bu cür nəqliyyat vasitələri ilə qayda pozuntularına yol verən şəxslərə adekvat münasibət göstərilir və hüquq çərçivəsində lazımi tədbirlər görülür. Ancaq həmin nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı olmadığından müşahidə kameraları tərəfindən qeydə alınan qayda pozuntuları zamanı sürücülər cərimələnmirlər.
Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanun layihəsi artıq Nazirlər Kabinetinə təqdim olunub.
Xəzər Xəbər-in hazırladığı sujeti təqdim edirik:
1news.az