Sevinc Fətəliyeva: Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində Avropa İttifaqı fəal təşəbbüslərlə çıxış edir
“Azərbaycan Prezidenti İlham Əliyev Brüsselə səfəri çərçivəsində İtaliyanın “İl Sole 24 Ore” qəzetinə verdiyi müsahibədə Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq məsələləri ilə bağlı vacib məqamlardan bəhs edib. Eyni zamanda, dövlətimizin başçısı bölgədə sülhün təmin olunması prosesində Avropa İttifaqının rolunu xüsusi vurğulayıb”.
Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində Avropa İttifaqı fəal təşəbbüslərlə çıxış edir. Avropa İttifaqının sülh prosesinə dəstəyinin çox önəmli olduğunu deyən S.Fətəliyevanın sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar, həmin reallıqlara uyğunlaşma və qonşu olaraq yaşamağı öyrənmək kimi məsələlərdə Avropa İttifaqının rolu və səyləri böyük əhəmiyyət kəsb edir.
Millət vəkili qeyd edib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə tədbirləri həyata keçirilir və bu prosesə Avropa İttifaqı da öz dəstəyini verə bilər: “Rəsmi İrəvanın hərbi cinayətləri müharibədən sonrakı dövrdə də davam edir. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi məsələsi hələ də öz həllini tapmayıb. Cənab Prezident müsahibəsində deyib ki, Avropa İttifaqının bu məsələdə yardımçı olmaq arzusu Azərbaycan tərəfindən yüksək qiymətləndirilir. Bununla belə, Avropa İttifaqı tərəfindən Ermənistana təqdim ediləcək paketin həcmi 2.6 milyard dollar, Azərbaycana isə 140 milyon dollar olması ədalətli deyil. İtaliya qəzetinə verdiyi müsabisəində dövlətimizin başçısı bu barədə ölkəmiizn haqlı mövqeyini ifadə edib. Cənab Prezident deyib: “Hətta azad olunmuş ərazilərdə Ermənistan tərəfindən törədilmiş dəhşətli dağıntıları kənara qoysaq belə, hər iki ölkənin əhalisinin sayına nəzər salsaq, görərik ki, fərq 5 dəfədən çoxdur – Azərbaycanın əhalisi 10 milyon, Ermənistanda isə 2 milyon. Bundan əlavə, işğal illəri ərzində Livanın sahəsinə bərabər ərazilər tamamilə dağıdılıb. Bu gün əcnəbi vətəndaşlar və jurnalistlər həmin ərazilərə səfər edəndə dağıntıların miqyasını öz gözləri ilə görürlər. Eyni zamanda, 1 milyona yaxın mina basdırılıb. Minaları təmizləmə prosesi olduqca baha başa gəlir və çox vaxt aparır. Ermənistanda heç bir dağıntı yoxdur. Bu ölkə işğal edilməmişdi, o, özü işğalçı idi. Fiziki cəhətdən belə Ermənistanın iqtisadiyyatı bu nəhəng həcmli paketi mənimsəyə bilməz. Yanaşma vahid standartlara əsaslanmalıdır. Azərbaycana eyni şərtlərlə, eyni həcmdə vəsait ayrılmalıdır”. Hesab edirik ki, Avropa İttifaqı özünün fondları vasitəsilə Azərbaycanda minalardan təmizləmə prosesinin maliyyələşdirilməsini nəzərdən keçirməlidir. Çünki ərazilərin minalanması quruculuq-bərpa işlərinin sürətlə aparılmasına başlıca əngəldir. Ona görə də, bu prosesdə ölkəmizə ciddi dəstək verilməlidir”.
S.Fətəliyeva söyləyib ki, Prezident İlham Əliyev müsahibəsində ATƏT-in Minsk qrupunun uğursuz fəaliyyəti ilə də bağlı xalqımızın haqlı narazılığını ifadə edib: “1992-ci ildə yaradılmış Minsk qrupu 28 il ərzində münaqişəni həll edə bilmədi. Nəzərə alsaq ki, Minsk qrupunun həmsədrləri dünyanın üç böyük və BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir, onların Ermənistanın işğalçılıq siyasətinə son qoya bilmədilər. Əslində, Azərbaycan xalqının mövqeyi belə idi ki, həmsədr dövlətlər Ermənistan təzyiq və təsir göstərmək istəmədilər. Onlar istəsəydi, Ermənistanı sülhə məcbur edə bilərdilər. Azərbaycan xalqı Minsk qrupu üçlüyünün daimi səfərlərindən yorulmuşdu. Cənab Prezidentin dediyi kimi, 20 ildən çox fəaliyyət göstərən Minsk qrupunun nəticəsi sıfıra bərabərdir”.
“Azərbaycan Prezidenti müsahibəsində ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu, Cənub Qaz Dəhlizinin önəmi, eləcə də Azərbaycan-İtaliya münasibəıtlərinə dair fikirlərini bildirib. Dövlət başçısının dediyi kimi, İtaliya dünya miqyasında Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir. İtaliya Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənəd imzaladığı Avropa İttifaqına üzv olan 9 dövlətləri sırasındadır. Bu gün İtaliya Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası işində fəal iştirak edir. bütün bunlar Azərbaycan-İtaliya əlaqələrinin yüksək səviyyədə olmasının göstəricisidir”,-deyə millət vəkili vurğulayıb.