Bakıya qar yağır: sürücülərə və gəmilərə xəbərdarlıq edildi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıya qar yağır: sürücülərə və gəmilərə xəbərdarlıq edildi – FOTO

09:58 - 14 / 01 / 2022
Bakıya qar yağır: sürücülərə və gəmilərə xəbərdarlıq edildi – FOTO

Bu gün gecə saatlarından başlayaraq Bakıya və bəzi rayonlara qar yağmağa başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, günün ikinci yarısında küləyin 15-18 m/s olacağı, 14-ü axşamdan 15-i gündüzədək isə cənub-qərb küləyinə keçəcəyi, 15-20 m/s, arabir 27-32 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın minimal temperaturunun yanvarın 14-dən 15-nə keçən gecə 0°-yə yaxın, nisbətən yüksək ərazilərdə 2°-dək şaxta olacağı, yolların buz bağlayacağı gözlənilir.

Şimal və qərb rayonlarından başlayaraq 14-ü axşamadək yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Yanvarın 16-dək şimal-qərb, qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 28-32 m/s-dək güclənəcək.

Havanın minimal temperaturunun 14-dən 15-nə keçən gecə Mərkəzi aran rayonlarında 0-5° şaxta, dağlarda 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta olacağı gözlənilir.

Şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı ehtimalı var.

Hazırda paytaxtda müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi bütün zolaqlar üzrə 20 km/saatadək endirilib.

Bakı Nəqliyyat Agentliyi sürücülərə və piyadalara müraciət edərək ehtiyatlı olmalarını tövsiyə edib:

“Bir daha sürücülərdən ehtiyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meterioloji amilləri nəzərə almalarını xahiş edirik. Eyni zamanda, piyadalar yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik”, məlumatda vurğulanıb.

Xəzər dəniz akvatoriyasında gözlənilən hava şəraiti ilə əlaqədar "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmilərinə xəbərdarlıq göndərilib.

ASCO-dan verilən məlumata görə, küləkli hava şəraiti ilə əlaqədar bütün gəmilərin nəzərinə çatdırılıb ki, gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün.

Qeyd olunur ki, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin edilməlidir.

1news.az

Paylaş:
357

Son xəbərlər

Bütün xəbərlər