Qəbələdə qətl törədən 19 yaşlı gəncin məhkəməsi başlayır
Ötən il oktyabr ayında Qəbələ rayonu, Tikanlı kənd sakini 1987-ci il təvəllüdlü Sənur Ağahüseynovun yaşadığı kəndin yaxınlığında qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Qəbələ rayon Prokurorluğundan 1news.az-a verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışı, Qəbələ rayonu Uludaş kənd sakini 2003-cü il il təvəllüdlü Kənan Mustafayevin əvvəllər şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə ilə əlaqədar qisas almaq məqsədilə Sənur Ağahüseynovla görüşərək özü ilə gətirdiyi bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Kənan Mustafayevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.