Zakir Sultanov 11 il azadlıqdan məhrum edildi
Bakı Ağır Cinayətlər Məhkəməsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.
1news.az-ın Trend-ə istinadən məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Zakir Sultanov son söz deyib. O məhkəmədən ona yüngül cəza verilməsini istəyib.
Məhkəmə də məlum olub ki, Mədəniyyət Nazirliyi Zakir Sultanovu bağışlayıb, zərər ödənilib.
Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən Z.Sultanov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Onun bankda olan 600 min manat nağd pulu, müxtəlif sikkələr, dəyərli əşyaları üzərində həbs qərarı saxlanılıb.
Mədəniyyət Nazirliyinin mülki iddiası məhkəmə tərəfindən min edilib.
Xatırladaq ki, prokuror Z.Sultanovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Daha əvvəlki prosesdə Mədəniyyət Nazirliyinin nümayəndəsi təqsirləndirilən şəxsə qarşı əlavə olaraq 5 milyon 327 min 900 manat dəyərində mülki iddia qaldırmışdı
Rəsmi məlumata görə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlu Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməkdə suçlanır.
Zakir Sultanovun xidməti və yaşadığı ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.
Qeyd edək ki, Zakir Sultanov İttihamda göstərilən 6 milyon manata yaxın zərəri ödəyib.