“Azərxalça” ASC-dən Gənclər Günündə bütün gənclərə açıq qapı - FOTO
Ulu öndər Heydər Əliyevin gənclərə ən böyük hədiyyəsi olan günün təsis edilməsindən 25 il ötür.
1997-ci il fevralın 2-dən etibarən Ulu öndərin imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.
Bütün sahələrdə olduğu kimi, Azərbaycan gəncləri incəsənət sahəsində də həm Azərbaycan, həm də onun sərhədlərindən kənarda ciddi uğurlara imza atırlar. Milli-mənəvi irsimiz, incəsənətimizin ayrılmaz hissəsi xalçaçılığın inkişafı, müasir zamanla ayaqlaşması, amma eyni zamanda qədim və dərin köklərini unutmaması da bu gün məhz gənc xalçaçı, rəssam və dizaynerlərimizin üzərinə düşən əsas vəzifələrdən biridir. Gənclər arasında xalçaçılığa olan maraq, sevgi və tələbatı artırmaq üçün “Azərxalça” ASC daim onlarla birgə işlərə hazırdır.
Bu gün “Azərxalça” ASC ölkənin müxtəlif regionlarında yerləşən emalatxanalarında gənclər üçün “Açıq qapı günü” elan edib. Emalatxanalara gələn region gəncləri, gənclər təşkilatları nümayəndələrinə xalçalar haqqında ümumi məlumat verilib, onlara istehsal prosesini izləmək şəraiti yaradılıb.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dekorativ Tətbiqi Sənət fakultəsinin bir qrup tələbə və müəllim heyəti isə öz növbəsində Abşeron (Qobu) emalatxanasına baş çəkiblər. “Azərxalça” ASC-nin istehsalat direktoru tələbələrə xalçalar haqqında söz açıb, istehsal prosesinin incəliklərindən danışıb və tələbələri maraqlandıran suallara cavab verib.
“Azərxalça” ASC–nin bütün qapıları bir gün deyil, ilin bütün günləri həm gənclərin, həm də xalçaları sevən hər kəsin üzünə açıqdır. Gününüz mübarək, əziz gənclər!