Rusiya Azərbaycanlı Gənclər Birliyinin Qış Eko-məktəbinin açılış mərasimi keçirilib - FOTO
Rusiya Azərbaycanlı Gənclər Birliyinin 7-10 fevral tarixlərində təşkil etdiyi Qış Eko-məktəbinin fevralın 8-də Rusiyanın Konakovo şəhərində rəsmi açılış mərasimi keçirilib.
1news.az-ın verdiyi xəbərə görə, layihə V.İ.Vernadski Fondu, Rusiya Uşaq və Gənclər təşkilatları Şurası və Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Dayanıqlı İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilir.
Üç gün davam edəcək qış məktəbinin iştirakçıları Rusiyanın müxtəlif ali məktəblərinin tələbələri, Molodaya Qvardiya, Gənclər Parlamenti, Skolkovo İnnovasiyalar Mərkəzi, Podmoskovye Könüllüləri kimi ekoloji, gənclər və könüllü təşkilatlarını təmsil edən 100-dən çox gənc olacaq.
Panel sessiyanın açılışını edən Rusiya Azərbaycanlı Gənclər Birliyinin məsul katibi Ceyhun Hüseynov tədbir iştirakçılarını təşkilatın rəhbəri Leyla Əliyevanın adından salamlayaraq, Eko-məktəbin işinə uğurlar arzulayıb. Daha sonra, YUNESKO-nun mədəniyyət və təhsil sahəsində eksperti və V.İ.Vernadski Fondunun icraçı direktorunun müavini “Yeni eko-layihələr. Gənclərin Yaradıcılığı” mövzusunda məruzə edib, tədbirdə çıxış edən digər qonaqlar isə ətraf mühitin qorunması və onun keyfiyyətcə daha da inkişaf etdirilməsi məqsədi ilə təşkil olunan ekoloji layihələrin əhəmiyyətindən bəhs ediblər.
Eko-məktəbin iştirakçıları üçün ekoloji terminologiya ilə tanış olduqları və uğurlu biznes layihələri müzakirə etdikləri xüsusi master-klass və təlimlər təşkil olunub. Bu təlimlərdə onlar lmuş və uğurlu biznes keyslərini müzakirə etmişlər. Ekspertlər tərəfindən ekoloji layihələrdə məqsədlərin düzgün qoyuluşu və hədəf kütləsinin seçilməsi məsələləri ətraflı izah edilib.
Üç gün davam edəcək Qış məktəbinin yekununda iştirakçı komandalar ekoloji problemlərin həllinə yönəlmiş fərdi layihələrini təqdim edəcəklər. Bütün tədbir iştirakçılarına uğurlar arzu edirik!